İDMAN
Minsk Gənclər arasında Avropa Olimpiya Festivalına ev sahibliyi etmək iddiasındadır
Bakı, 21 noyabr, AZƏRTAC
Minsk 2019-cu ildə gənclər arasında Avropa Olimpiya Festivalı (GAOF-2019) keçirilməsinə iddialıdır.
AZƏRTAC xəbər verir ki, Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolay Patskeviç Belarus Milli Olimpiya Komitəsinin (MOK) baş katibi, Azərbaycanda səfərdə olan Georgi Katulin və MOK-un bir sıra üzvləri ilə görüş keçirib.
Söhbətdə Avropa Olimpiya Komitələri Baş Assambleyasının Bakıda keçirilən 43-cü iclası çərçivəsində Minsk şəhərinin 2019-cu ildə GAOF keçirilməsinə ev sahibliyi etmək barədə sifarişin təqdimatı ilə bağlı təşkilati məsələlər müzakirə olunub.
Görüşdə həmçinin, Belarus tərəfin 2015-ci il iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlığı məsələlərinə də toxunulub.
Gənclər arasında Avropa Yay Olimpiya Festivalı tək illərdə keçirilən kompleks idman tədbiridir. Festivalın proqramına idmanın 9 növü: basketbol, velosiped idmanı, voleybol, həndbol, idman gimnastikası, cüdo, yüngül atletika, üzgüçülük və tennis üzrə yarışlar daxildir.
Bir qayda olaraq, bu yarışlarda Avropanın 49 olimpiya komitəsini təmsil edən 14-18 yaşlı 5 mindən çox oğlan və qız, habelə məşqçilər və rəsmi şəxslər iştirak edir. Festivalın təşkilatçısı olan ölkə ilkin seçim mərhələsinə qoşulmadan bütün idman növləri üzrə yarışlarda tam heyətdə iştirak etmək hüququ qazanır.
Festivalın rəsmi protokoluna uyğun olaraq, yarışlar keçirilən dövrdə Beynəlxalq Olimpiya Komitəsinin bütün prosedurlarına (Olimpiya məşəli estafeti və məşəlin yandırılması, millətlər paradı və açılış mərasimi, idmançıların və idman hakimlərinin andiçmə mərasimi, Olimpiya bayrağının qaldırılması) riayət edilməlidir.