DÜNYA
Misir Səhiyyə Nazirliyi Qahirədə nümayişin dağıdılması üzrə əməliyyat zamanı 278 nəfərin həlak olmasını və 2000-dən çox insanın yaralanmasını bildirir
Qahirə, 15 avqust (AZƏRTAC). Misir Səhiyyə Nazirliyinin dəqiqləşdirilmiş məlumatında göstərilir ki, nümayişçilərin qovulması və bunun ardınca bütün ölkədə başlanmış toqquşmalar nəticəsində 278 nəfər həlak olmuş və iki mindən çox adam yaralanmışdır. Həlak olanlar arasında 43 nəfər polis əməkdaşı vardır.
Devrilmiş prezident Məhəmməd Mürsinin tərəfdarları isə öz sıralarından 3 minə yaxın adamın öldürüldüyünü bildirirlər.
Misirin hakimiyyət orqanları Qahirədə və ölkənin bəzi əyalətlərində bir ay müddətinə fövqəladə rejim vəziyyəti və komendant saatı tətbiq etmişdir.
Qeyd etmək lazımdır ki, Qahirə Universitetinin və Rəbiə əl-Adauiyyə məscidinin yanındakı meydanlarda çadır şəhərciklərinin təmizlənməsi əməliyyatı başa çatmışdır. İslamçıların aksiyası praktiki olaraq iyulun 3-də, hərbçilər sabiq prezident Mürsini hakimiyyətdən kənarlaşdırandan dərhal sonra başlanmışdır. Meydanlarda çadır şəhərcikləri, səhra mətbəxləri və xəstəxanalar, habelə çıxış etmək üçün tribunalar qurulmuşdur.
Ehtimal edilən həmlə əməliyyatı barədə məlumat alınandan sonra islamçılar meydanların ətrafındakı yollarda səki plitələrindən, qumla dolu kisələrdən və metal konstruksiyalardan istifadə edərək hasarlar ucaltmışlar. Misir Daxili İşlər Nazirliyi bildirirdi ki, nümayişçilərin əlində silah və partlayıcı maddələr vardır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə