SİYASƏT
Misirdəki Azərbaycan diasporu ermənilərin yalanını ifşa etmişdir
![](/files/galleryphoto/2013/3/1200x630/14079266935361330805_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079266936448540280_1200x630.jpg)
Bakı, 25 noyabr (AZƏRTAC). Misirin paytaxtı Qahirədə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş VI Beynəlxalq Səmaa Dini Musiqi Festivalı keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, Misir Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanla yanaşı, 12 ölkə təmsil olunmuşdur.
Festivalda Rusiyanı təmsil edən erməni iştirakçıların çıxışı azərbaycanlılar tərəfindən ciddi narazılıqla qarşılanmışdır. Buna səbəb Avetis Manukyan tərəfindən ifa edilən milli musiqi alətimiz olan balabanın Ermənistanın nəfəsli musiqi aləti kimi təqdim edilməsi olmuşdur.
Eyni zamanda, Misir Mədəniyyət Nazirliyi tərəfindən paylanılan xüsusi proqramda Rusiyanı təmsil edən iştirakçıdan birinin doğulduğu yer kimi Xankəndinin Ermənistan ərazisi kimi qeyd edilməsi Azərbaycan nümayəndə heyətinin kəskin etirazına səbəb olmuşdur.
Misirdəki Azərbaycan diasporu təşkilatının nümayəndələri bu barədə festival təşkilatçılarına məlumat vermiş, məsələ ilə bağlı etirazlarını bildirmişlər. Nəticədə ermənilərin yekun konsertdə iştirakı qadağan olunmuşdur.