DÜNYA
Moldova: işəgötürənlər qızmar günlərdə lazımi əmək şəraiti yaratmağa borcludurlar
Kişineu, 7 avqust (AZƏRTAC). Moldova Respublikasının Əmək, Sosial Müdafiə və Ailə Nazirliyi qızmar günlərdə işəgötürənlərin lazımi əmək şəraiti yaratmasını tələb etmişdir. Bu tələb onunla bağlıdır ki, bütün ölkə ərazisində havaların çox qızmar keçməsi ilə əlaqədar Moldova hidrometeoroloji xidməti meteotəhlükə kodu elan etmişdir. Sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi barədə qanuna görə, işəgötürənlər işçilərin sağlamlığının qorunması və əməyin təhlükəsizliyi üçün zəruri tədbirlər görməyə, o cümlədən peşə risklərinin qarşısını almağa borcludurlar.
Əmək, Sosial Müdafiə və Ailə Nazirliyinin məlumatına görə havaların qızmar keçməsi ilə əlaqədar termik risklərin qarşısını almaq üçün, o cümlədən temperatur maksimum həddə çatdığı saatlarda əmək fəaliyyətinin dayandırılması, istirahət üçün fasilələr təşkil edilməsi, iş vaxtının qısaldılması istiqamətində bir sıra tədbirlər görülür.
Qızmar havada termik risklərə məruz qalan işçilər adekvat qorunma vasitələri: içməli su, termik tarazlığın təmin edilməsi üçün kölgəlik və ya temperatur münasib səviyyədə olan otaqlarla, içərisində zəruri tibbi preparatlar olan apteklərlə təmin olunmalıdırlar. Bundan əlavə, işçilərə tibbi yardım təqdim edilməli, o cümlədən tibbi müayinə aparılmalıdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu