DÜNYA
Moskva Dövlət Universiteti elmi mövzuda yazan jurnalistlər hazırlayacaq
Bakı, 5 oktyabr (AZƏRTAC). M.F.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) elmi mövzuda yazan jurnalistlərin hazırlanması üzrə bir sıra proqramlar təşkil edir. Bu barədə hər il keçirilən ənənəvi Elm festivalının açılışına həsr olunmuş mətbuat konfransında MDU-nun rektoru Viktor Sadovniçi məlumat vermişdir.
Akademik demişdir: “Biz elmi mövzularda yazan yaxşı və keyfiyyətli jurnalistlər dəstəsinin çatışmazlığından əziyyət çəkirik”. O qeyd etmişdir ki, müasir cəmiyyətin elmlə bağlı çox ehtiyac duyduğu analitik materiallar Rusiya KİV-lərində yoxdur.
Odur ki, MDU gələcəkdə elmi jurnalistika ilə məşğul olmaq istəyən abituriyentlər üçün silsilə mühazirələr təşkil etməyi planlaşdırır. Elmin müxtəlif istiqamətlərinə həsr olunmuş mühazirələri Rusiyanın ən tanınmış 10-15 alimi oxuyacaqdır.
Rektor demişdir: “Qabağa getmək istəmirəm, ancaq deyəsən gələn ildən, bəlkə də elə bu il biz jurnalistika fakültəsində elmi jurnalistika üzrə magistratura açacağıq”. V.Sadovniçi onu da əlavə etmişdir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda elmi jurnalistika üzrə xüsusi məktəb yaradılacaqdır. Məktəb yaxın vaxtlarda fəaliyyətə başlayacaqdır.
Maraqlıdır ki, oxşar proqram Lebedev adına Fizika İnstitutunda işləyir. Həmin institut sırf elmi (fizika təmayüllü) xəbərlər yaymaqla məşğul olan FİAN-inform informasiya xidməti yaratmışdır. İnstitutda həm texniki ixtisaslar üzrə təhsil alan, həm də jurnalistika fakültələrinin özlərini elmi jurnalistikada sınamaq istəyən yuxarı kurs tələbələri üçün stajkeçmə proqramları fəaliyyət göstərir.