ELM VƏ TƏHSİL
Moskva Dövlət Universitetinin Bakı Filialı 2011/2012-ci tədris ili üçün tələbə qəbulu elan edir
Bakı, 29 iyun (AZƏRTAC). M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialı 2011/2012-ci tədris ili üçün filologiya (rus, ingilis, italyan filologiyası), tətbiqi riyaziyyat, kimya, psixologiya ixtisasları üzrə ödənişsiz əsaslarla (bakalavr pilləsi, rus bölməsi) tələbə qəbulu elan edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, MDU-nun yaratdığı qəbul komissiyası tərəfindən aparılan qəbul imtahanlarında TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər.
Müsabiqə MDU-nun qəbul komissiyasının keçirdiyi imtahanların nəticələri əsasında aparılacaqdır.
MDU-nun Bakı Filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.
Filialın tədris fəaliyyəti MDU-nun tədris planı və proqramları əsasında həyata keçirilir, müasir texnologiya və metodlardan istifadə olunur. Tədris, əsasən, MDU-nun professor-müəllim heyəti tərəfindən həyata keçirilir.
Təhsil aldıqları müddətdə fərqlənən tələbələr yuxarı kurslarda MDU-da təhsil almaq imkanı əldə edəcəklər. Filialın məzunlarına MDU-nun diplomu veriləcəkdir.
Sənədlər iyulun 6-dan 25-dək qəbul olunacaq, qəbul imtahanları iyulun 26-dan avqustun 1-dək keçiriləcəkdir.
Ətraflı məlumatı TQDK-nın internet ünvanından əldə etmək olar.