ELM VƏ TƏHSİL
Moskva Dövlət Universitetinin Bakı Filialı magistraturaya qəbul elan edir
Bakı, 1 mart (AZƏRTAC). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2012-2013-cü tədris ili üçün (rus bölməsi, əyani şöbə) magistraturaya filologiya (12 yer), riyaziyyat (6 yer), kompyuter elmləri (2 yer) və kimya (6 yer) ixtisasları üzrə qəbul elan edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, magistraturaya qəbul olmaq istəyən bakalavrlar birinci mərhələdə TQDK-nın keçirdiyi imtahanlarda, ikinci mərhələdə isə MDU-nun yaratdığı Qəbul komissiyasının keçirdiyi qəbul sınaqlarında iştirak etməlidirlər.
Qəbul komissiyası tərəfindən aparılan qəbul sınaqlarında yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 45 və daha artıq bal toplayan bakalavrlar iştirak edə bilər. Müsabiqə MDU-nun yaratdığı Qəbul komissiyasının keçirdiyi sınaqların nəticələri əsasında aparılacaqdır.
Qəbul sınaqlarında iştirak etmək istəyənlər TQDK tərəfindən magistraturaya keçirilən qəbul imtahanlarının birinci mərhələsinin nəticəsini və ali təhsil haqqında sənədi universitetin qəbul komissiyasına təqdim etməlidirlər.
Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planı və proqramları əsasında həyata keçirilir. Tədrisdə innovasiya texnologiyaları və metodlarından istifadə olunur. Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir.
Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun magistr diplomu təqdim ediləcəkdir.
Sənəd qəbulunun müddəti və MDU-nun yaratdığı Qəbul komissiyasının keçirdiyi qəbul sınaqlarının qrafiki aprelin 8-dək elan olunacaqdır.
Magistraturada təhsil almaq istəyən bakalavrlar ətraflı məlumatları www.tqdk.gov.az internet səhifəsindən əldə edə bilərlər. (Əlaqə telefonu: 510 96 08).