MƏDƏNİYYƏT
Moskvada Azərbaycan rəssamı Rasim Babayevin əsərlərindən ibarət “Həqiqət axtarışında” adlı sərgi açılmışdır
Moskva, 23 oktyabr (AZƏRTAC). Moskvada, Şərq Xalqlarının Dövlət İncəsənət Muzeyində Azərbaycanın Əməkdar Rəssamı Rasim Babayevin (1927-2007) əsərlərindən ibarət “Həqiqət axtarışında” adlı sərgi açılmışdır. Sərgi Rusiya Mədəniyyət Nazirliyi, Şərq Xalqlarının Dövlət İncəsənət Muzeyi və “Mərcani” Fondu tərəfindən təşkil edilmişdir.
Şərq Xalqlarının Dövlət İncəsənət Muzeyinin baş direktoru Aleksandr Sedov sərgini açaraq bildirmişdir ki, muzey son bir neçə ildə keçmiş Orta Asiya və Cənubi Qafqaz sovet respublikalarının rəssamlarının əsərlərini Moskva ictimaiyyətinə təqdim edir. Rasim Babayevin əsərlərindən ibarət sərgi bu qəbildən növbəti ekspozisiyadır.
Çıxışında Rusiyada Azərbaycan incəsənətinin təbliğinə göstərdiyi dəstəyə görə “Mərcani” Fonduna minnətdarlığını bildirən Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlu demişdir: “Düşmənçiliyin, millətlərarası ədavətin yayıldığı mürəkkəb dövrümüzdə humanitar aksiyaların, sərgilərin keçirilməsi çox əhəmiyyətlidir. İnsanlara gözəllik hissi aşılamağa çalışan muzeylərin və fondların fəaliyyətini belə hallara qarşı qoymaq olar”. Diplomat bildirmişdir ki, Rasim Babayev çox təvazökar insan və gözəl rəssam idi. O, özündən sonra böyük yaradıcılıq irsi qoyub getmişdir.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova, “Mərcani” Fondunun prezidenti Rüstəm Süleymanov, dramaturq və tərcüməçi Lev Yakovlev, layihənin kuratoru Svetlana Xromçenko, heykəltəraş Fazil Nəcəfov və başqaları rəssamın yaradıcılığından danışmış, xatirələrini bölüşmüşlər. Rasim Babayevin oğlu Elmir Babayev atasının yaradıcılığına verilən yüksək qiymətə görə sərginin təşkilatçılarına və qonaqlarına minnətdarlığını bildirmişdir.
Sərgidə Rasim Babayevin 60-dək əsəri nümayiş etdirilir. Ustadın əsərləri mükəmməl plastika və xüsusi lirik-fəlsəfi intonasiya ilə seçilir. R.Babayevin bir sıra əsərləri 1970-ci illərdə milli rəssamlıq sənətində əlamətdar olmuşdur. 1980-ci illərdə o, XX əsrin son onilliklərində Azərbaycan incəsənətinin özünəməxsusluğunu bir çox cəhətdən müəyyən etmiş Abşeron məktəbinə məxsus ən məşhur rəngkarlarından biri olmuşdur. Sərgidə təqdim olunan əsərlərin - rəngkarlıq, qrafika əsərlərinin, dostluq şarjlarının, keramika, şirmaların bir çoxu ilk dəfə nümayiş etdirilir. Son 40 ildə yaradılan bu əsərlər rəssamın özünəməxsus yaradıcılıq üslubundan xəbər verir. Ahəngdar və şux rəng onun yaradıcılığında əsas rol oynayır.
Sərgi münasibətilə hazırlanmış ətraflı kataloqda Rasim Babayevin əsərlərinin çoxlu sayda illüstrasiyaları, rəssamın xatirələri və onun yaradıcılığından söz açan məqalələr yer almışdır. Sərgidə nümayiş etdirilən əsərlər rəssamın ailəsi, habelə Şərq Xalqlarının Dövlət İncəsənət Muzeyi və “Mərcani” Fondu tərəfindən təqdim olunmuşdur.
Sərgi noyabrın 10-dək davam edəcəkdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva