MOSKVADA AZƏRBAYCANLI MƏKTƏBLİLƏRƏ MUSİQİ ALƏTLƏRİ HƏDİYYƏ EDİLMİŞDİR
Məktəbin direktoru Aida Quliyeva AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, burada Azərbaycan dili, tarixi, mənəvi tarix tədris olunur, Azərbaycan mətbəxi, milli musiqi və rəqs dərsləri keçilir. Məktəbdə üçpilləli təhsil sistemi tətbiq olunmuşdur. Tədrisin əsas istiqamətlərindən biri yuxarıda adı çəkilən fənləri öyrənməklə 11 illik adi tədris kursudur və bu proqramla 547 şagird təhsil alır. Digər istiqamət – mədəniyyət - təhsil mərkəzidir. Burada dərslər həftədə 4 dəfə keçilir və buraya Moskvanın müxtəlif yerlərindən 400-ə yaxın şagird gəlir. Üçüncü istiqamət eksternaturadır. Burada 80-dək şagird daha sürətlə təhsil ala bilir. Bundan əlavə, ayrı-ayrı fənlər üzrə fərdi məşğələlər və digər fakültətiv məşğələlər də keçilir.
Aida Quliyeva demişdir ki, Moskvada belə bir məktəbin fəaliyyət göstərməsi və milli ənənələrin qorunub saxlanılması, azərbaycanlı uşaqların milli özünüdərk ruhunda tərbiyə edilməsi Moskva hökumətinin və şəhərin təhsil departamentinin, Azərbaycanın Rusiyadakı səfirliyinin, ictimai təşkilatların – Ümumrusiya Azərbaycan Konqresinin və “Ocaq” Cəmiyyətinin, Azərbaycan Təhsil Nazirliyinin köməyi sayəsində mümkün olmuşdur. Onların köməyi ilə məktəb dərs vəsaitləri əldə edir. Məktəbə bu ideyanı dəstəkləyən, öz Vətənini, öz mədəniyyətini, ənənələrini sevən və qiymətləndirən ayrı-ayrı adamlar da kömək edirlər.
Direktor Şəmkir rayon icra hakimiyyətinin başçısı Aslan Aslanovun xidmətlərini xüsusi vurğulamışdır. O, məktəbə çox gərəkli olan musiqi alətləri hədiyyə etmişdir. Aslan Aslanov məktəbdə xalq ansamblının fəaliyyət göstərdiyini və onların kifayət qədər musiqi alətlərinin olmadığını bilərək, 2 tar, nağara və qoşanağara bağışlamışdır. Bu, məktəb üçün qiymətli hədiyyədir, çünki ansambl tez-tez müxtəlif tədbirlərdə iştirak edir, Azərbaycan mədəniyyətini nəinki Moskvada, həm də Rusiyanın regionlarında nümayiş etdirir. A.Quliyeva məktəbin kollektivi adından Şəmkir rayon icra hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirərək demişdir ki, azərbaycanlı uşaqlar bu qayğını heç vaxt yaddan çıxarmayacaq və öz bacarıqlarını, milli musiqi ifaçılığı istedadlarını nümayiş etdirmək üçün onun qonaq gəlməsini gözləyirlər.