SİYASƏT
Moskvada MDB Əmək, Miqrasiya və Əhalinin Sosial Müdafiəsi Məşvərət Şurasının iclası keçirilmişdir
![Moskvada MDB Əmək, Miqrasiya və Əhalinin Sosial Müdafiəsi Məşvərət Şurasının iclası keçirilmişdir](/files/2013/3/1200x630/14071451485936625191_1200x630.jpg)
Moskva, 22 noyabr (AZƏRTAC). Rusiya paytaxtında MDB Əmək, Miqrasiya və Əhalinin Sosial Müdafiəsi Məşvərət Şurasının 26-cı iclası keçirilmişdir.
İclasda Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov iştirak etmişdir.
Rusiyanın əmək və əhalinin sosial müdafiəsi naziri Maksim Topilin MDB ölkələrinin nümayəndələrini salamlayaraq, Məşvərət Şurasının gündəliyinə daxil edilmiş məsələlər barədə məlumat vermişdir. Nazir bildirmişdir ki, görüşdə əvvəl qəbul edilmiş qərarların icrasının gedişi müzakirə olunacaq, MDB ölkələrində əmək və sosial müdafiə sahəsində vəziyyət və həyata keçirilən tədbirlər, kadr hazırlığının təkmilləşdirilməsi, sosial və demoqrafik siyasət sahəsində razılaşdırılmış konsepsiyanın həyata keçirilməsi üzrə tədbirlər planının layihəsi, gələcək əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov çıxışında Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar və onların uğurlu nəticələri barədə məlumat vermişdir. N.Məmmədov Azərbaycanda dövlət siyasəti sayəsində respublikamızda iqtisadi tərəqqi tempinin davamlı xarakter aldığını konkret faktlar əsasında diqqətə çatdırmışdır. O, Azərbaycanda sosial müdafiə işinin gücləndirilməsi, yoxsulluğun aradan qaldırılması, işsizliyin ləğvi, miqrasiya proseslərinin tənzimlənməsi sahələrində görülən işlər və onların müsbət nəticələri barədə danışmışdır.
İclasda MDB ölkələrinin sosial müdafiə sahəsində müvafiq nazirliklərinin rəhbərləri və beynəlxalq ekspertlər iştirak etmişlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva