MSK JURNALİSTLƏR ÜÇÜN “SEÇKİLƏR KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNDƏ” MÖVZUSUNDA SEMİNAR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 25-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda prezident seçkilərinin hazırlıq və onun keçirilməsi ilə əlaqədar jurnalistlər üçün “Seçkilər kütləvi informasiya vasitələrində” mövzusunda seminar keçirmişdir.
ATƏT-in Bakı ofisinin də təşkilatçısı olduğu və maarifləndirici xarakter daşıyan tədbiri MSK-nın sədri Məzahir Pənahov açaraq demişdir ki, rəhbərlik etdiyi qurumun KİV-lə əməkdaşlığa xüsusi münasibəti vardır. M.Pənahov bildirmişdir ki, MSK-nın həyata keçiridyi bütün tədbirlərdə jurnalistlərin iştirakı təmin olunmuşdur.
Bildirilmişdir ki, bu ilin payızında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyaları sədrləri və üzvlərindən sonra ilk seminarın məhz jurnalistlər üçün təşkil edilməsi MSK-nın KİV-lə əməkdaşlığa verdiyi önəmin bariz göstəricisidir. Bu təşəbbüsü beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri də yüksək qiymətləndirmiş və onlar tərəfindən tədbirin təşkilinə dəstək verilmişdir.
Azərbaycan rəhbərliyinin ölkədə demokratik dəyərlərin möhkəmlənməsinə göstərdiyi diqqəti xüsusi vurğulayan komissiya sədri demişdir ki, MSK da öz fəaliyyətini bu dəyərlər üzərində qurur.
Əməkdaşlığa görə minnətdarlığını bildirən ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola demişdir ki, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.
Seçkilərin yüksək səviyyədə təşkili işində mətbuatın roluna toxunan Xose Luis Herrero Ansola bu baxımdan inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulamışdır.
Tədbirdə Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov “Seçkilərin keçirilməsi və nəticələrin müəyyən edilməsi”, MSK üzvləri Azər Tağıyev “Seçkiqabağı təşviqat. Prezident seçkiləri zamanı KİV-də seçkiqabağı təşviqatın aparılması”, Rövşən İsmayılov “Seçki orqanlarının fəaliyyət prinsipləri”, Qabil Orucov “Seçici siyahılarının tərtib edilməsi”, İlham Məmmədov “Seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq”, Fuad Cavadov “Seçkilər zamanı namizədliyin irəli sürülməsi və qeydiyyatı”, beynəlxalq ekspert Marek Mraka “Seçkilərdə KİV-in rolu” mövzularında məruzələr etmişlər.
Sonda MSK sədri Məzahir Pənahov və ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola jurnalistlərin seminarla bağlı suallarını cavablandırmışlar.