MƏDƏNİYYƏT
Müasir İncəsənət Muzeyində “Meqapolis” sərgisi açılacaq
Bakı, 24 avqust (AZƏRTAC). Sentyabrın 6-dan 22-dək Müasir İncəsənət Muzeyində gənc kurator Fərid Məmmədzadənin debüt layihəsi olan “Meqapolis” sərgisi açılacaq.
Müasir İncəsənət Muzeyindən AZƏRTAC-a bildiriblər ki, “Meqapolis” layihəsi müasirliyin ağrılı yerlərindən birinə - müasir şəhər meqapolisin travmatik münasibəti və insan mövzusuna toxunur.
“Meqapolis” sərgisində müasir Azərbaycan rəssamları Məmməd Mustafayev və Niyaz Nəcəfovun əsərləri nümayiş olunur. Sərgi məkanının təşkil olunmasının məxsusi yanaşma bəşəriyyətin depressiyaya və şəhər motivlərinin ərsəyə gətirdiyi yalançı çarəsizliyə meydan oxuması prosesində hər iki rəssamı birləşdirir. Bu layihənin əsasında insan canının meqapolisin urbanistik mühiti ilə qarşılıqlı əlaqəsi problemi dayanır.
Yuxarıda adları qeyd olunan müəlliflərin əsərləri həmin problemin həm makro, həm də mikro səviyyədə qavranılmasının iki aspektini əks etdirir. Həmçinin “Meqapolis” layihəsi həmin fikrin peşəkar və ictimai qavranmasını, pəncərənin o tərəfində baş verən və göylərə ucalan nəhəng şüşəli göydələnlərin daxilində formalaşan, bəşər əhlinin şüurunda və canında əks olunan qavranmanı əhatə edir.
Sərginin konsepsiyası 2013-cü ilin mart ayında qeyri-kommersiya təşkilatı olan “YARAT” Müasir İncəsənət Məkanının təhsil proqramı çərçivəsində Azərbaycanın Əməkdar Rəssamı Sabina Şıxlinskaya tərəfindən “Müasir incəsənətdə kurator və mediator təcrübələri” mövzusunda aparılan ustad dərsi nəticəsində yaranıb.
Ustad dərsinin üç iştirakçısının kurator ideyaları həyata keçirilməyə layiq görülüb. Bu ideyalar 2014-cü il ərzində muzeyin tərkibində tətbiq edilir.
“Meqapolis” sərgisi gənc kuratorların layihə dövriyyəsini təmsil edir, təqdim edilmiş əsərlər isə Bakı Müasir İncəsənət Muzeyinin kolleksiyasının tərkib hissəsidir.