SİYASƏT
Mübariz Qarayev: Ac toplum üçün yardımın Laçın yolu, Ağdam-Xankəndi yolu və ya havadan gəlməsinin fərqi olmamalıdır
![Mübariz Qarayev: Ac toplum üçün yardımın Laçın yolu, Ağdam-Xankəndi yolu və ya havadan gəlməsinin fərqi olmamalıdır](/files/2023/3/1200x630/16946097451754727781_1200x630.jpg)
Tbilisi, 13 sentyabr, AZƏRTAC
Ermənilər dəfələrlə Azərbaycanın birgə, rahat və sülh şəraitində yaşamaqla bağlı təkliflərinə qoşulmayıb. Zaman göstərir ki, bu da həmişə onların ziyanına olub. İndi də Azərbaycan Ağdam-Xankəndi yolunu istifadəyə verib. Ermənilər yenə də pozuculuq fəaliyyəti ilə məşğuldurlar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanda yaşayan soydaşımız, hüquqşünas Mübariz Qarayev söyləyib.
Onun sözlərinə görə, hələ sovetlər dövründə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin də dəstəyi ilə regionda bir sıra irimiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirilməyə başladı. O zaman fenomen şəxsiyyət Heydər Əliyev Ermənistan rəhbərliyinə bu layihələrə qoşulmağı, regionda dinc, sülh və sabitlik şəraitində yaşamağı təklif etdi. Lakin Ermənistan tərəfi bu təkliflərə qoşulmadı. Nəticəsi isə göz qabağındadır. Bu gün Ermənistanda insanların necə ağır, acınacaqlı vəziyyətdə yaşadıqları heç kimə sirr deyil.
M.Qarayev bildirib ki, Azərbaycan bu gün də regionda və dünyada sülh siyasəti yürüdür. Azərbaycan Ordusu 2020-ci ilə 44 günlük Vətən müharibəsi dövründə tarixdə görünməmiş Qələbə qazandı, torpaqları 30 illik işğaldan azad etdi. Lakin Azərbaycan yenə də humanistlik etdi və erməniləri o ərazilərdən tam qovmadı. Onlara yenə də Azərbaycan qanunları çərçivəsində sülh, sabitlik şəraitində yaşamağı təklif etdi. Ermənistan hakimiyyəti yenə də pozuculuq fəaliyyəti ilə məşğuldur. Qarabağda yaşayan ermənilərin aclıq şəraitində yaşadıqları barədə dünyaya yalan məlumatlar yayır. Amma qəribədir, aclıq çəkən bir toplum niyə beynəlxalq dərəcəli Ağdam-Xankəndi yolu ilə onlara göndərilən yardımdan imtina edir? Məgər ac adam üçün yardımın Laçın yolu, Ağdam-Xankəndi yolu və ya havadan gəlməsinin fərqi var? Yox, bu, əsla belə deyil. Bu, sadəcə olaraq, ermənilərin növbəti oyunudur və düşünürəm ki, Azərbaycan yenə də öz sözünü deməli olacaq. Bunun isə ermənilər üçün nəticəsi çox ağır olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi