Muğam Mərkəzində “Danabaşlar” tamaşası nümayiş olunub
Bakı, 7 may, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Cəlil Məmmədquluzadənin əsəri əsasında səhnələşdirilən “Danabaşlar” tamaşası nümayiş olunub.
Tamaşa Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində reallaşıb.
Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru kurs rəhbəri Əməkdar artist Yaqut Paşazadə, səhnələşdirmənin müəllifi Mir Sahib Ağazadə, kursun səhnə danışığı müəllimi dosent Nadir Hüseynovdur.
“Danabaşlar” tamaşası Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu” əsərləri və bir neçə felyetonun səhnələşdirməsi əsasında hazırlanıb, səhnənin mərkəzində qara örtü ilə örtülən kitab isə müəllifin “Anamın kitabı” əsərini simvolizə edib.
Tamaşa qəmli komediya janrında hazırlanıb. Bu janr təyinini Mirzə Cəlilin bütün yaradıcılığına şamil etmək olar. Çünki ömrünün sonuna qədər qələmi istehzalı, gözü isə yaşlı olan Mirzə Cəlil son günlərini də tragikomik bir vəziyyətdə, əlyazmalarını sobada yandırıb istisinə qızınaraq keçirib.
Tamaşada obrazları canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.