Mülki Müdafiə Alayının gənc əsgərləri Vətənə sədaqət andı içiblər
Naxçıvan, 14 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə dövlət himninin sədaları altında üçrəngli bayrağımız meydana gətirilib. Sonra gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Təntənəli mərasimdə çıxış edən alay komandiri, polkovnik-leytenant Azadil Hüseynov gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib. Baş leytenant Nicat Seyidzadə, əsgər Əhməd Əhmədov, gənc əsgər Elxan Mahmudov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı Naxçıvan şəhər şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, valideyn Cabbar Əliyev çıxış edərək Azərbaycan əsgərinin rəşadət və igidliyindən danışıblar. Əminliklə bildirilib ki, gənc əsgərlər nümunəvi xidməti, təlim-tərbiyəsi ilə hərbi hissənin adını yüksək tutacaq, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmiş insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov çıxışında Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Silahlı Qüvvələrimizin rolunu yüksək qiymətləndirib və gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıb.
Gənc əsgərlər Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına, hərbi anda həmişə sadiq qalacaqlarına və verilən tapşırıqları yerinə yetirəcəklərinə söz veriblər.
Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçiblər.