ORDU
Mülki Müdafiə Qoşunlarının gənc əsgərləri Vətən qarşısındakı borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər
Bakı, 12 avqust (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himninin sədaları altında üçrəngli bayrağımız meydana gətirilib.
Sonra gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Andiçmə mərasimi başa çatdıqdan sonra bayram mitinqi olub.
Komandirlər hərbi andın əhəmiyyəti barədə məlumat verib, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik ediblər. Mərasimdə son günlər cəbhə bölgəsində Azərbaycan əsgərlərinin rəşadət və igidliyindən danışılıb. Əminliklə bildirilib ki, gənc əsgərlər nümunəvi xidməti, təlim-tərbiyəsi ilə hərbi hissənin adını yüksək tutacaq, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmiş insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Çıxış edən valideynlər Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Silahlı Qüvvələrimizin rolunu yüksək qiymətləndirib, ən xoş arzularını bildiriblər.
Gənc əsgərlər Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına, hərbi anda həmişə sadiq qalacaqlarına və verilən tapşırıqları yerinə yetirəcəklərinə söz veriblər.
Sonda gənc əsgərlər hərbi marşın müşayiəti ilə tribuna önündən keçiblər.