MÜSTƏQİL RESPUBLİKAMIZ HEYDƏR ƏLİYEV YOLU İLƏ ƏZMLƏ VƏ SARSILMAZ İNAMLA ADDIMLAYIR
AZƏRTAC xəbər verir ki, mayın 2-də Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı xalqımızın dahi oğlu, müdrik siyasətçi Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar konfrans keçirmişdir.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoymuş, xatirəsini ehtiramla anmışlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.
Sonra tədbir Azərbaycan Tibb Universitetində davam etdirilmişdir.
Türk dünyasının qüdrətli şəxsiyyəti, ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova, səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Azərbaycan Dövlət Dəmir Yolunun rəisi Arif Əsgərov və başqaları ümummilli liderin həyat və fəaliyyətindən danışmışlar.
Bildirilmişdir ki, Azərbaycanın müasir tarixinin böyük bir dövrü bilavasitə Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Xalqımızın tarixində və taleyində ulu öndərin ən böyük xidmətlərindən biri müasir Azərbaycan dövlətini qurub yaşatmasıdır. Bütün dünyada görkəmli siyasi xadim, fenomen şəxsiyyət kimi Heydər Əliyevə böyük hörmət və ehtiram bəslənilir.
Natiqlər ulu öndərin azərbaycançılıq ideyasının, milli həmrəyliyin, Azərbaycanın inkişaf modelinin formalaşmasında, onun dünyaya inteqrasiyasında, geniş islahatlar proqramının həyata keçirilməsində misilsiz xidmətlərindən danışmışlar. Ulu öndər Heydər Əliyevin başladığı işlərin, gələcək üçün nəzərdə tutduğu ideyaların bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşdırıldığı diqqətə çatdırılmışdır.
Xüsusi vurğulanmışdır ki, ölkədə sabitlik, iqtisadi yüksəliş, xalqın rifah halının daha da yaxşılaşmasına verilən töhfələr, Azərbaycanın beynəlxalq əməkdaşlığının dərinləşməsi və digər müsbət addımlar göstərilən səylərin real nəticələridir. Müdrik Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevə hədsiz inanır və etimad göstərir. Xalq çox düzgün olaraq hesab edir ki, qarşıdakı prezident seçkilərində də yalnız İlham Əliyevin namizədliyini dəstəkləməklə gələcək xoşbəxtliyinə qovuşa bilər.
Sonda YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və gənclər arasında təbliği məqsədilə keçirilən inşa yazı, yaradıcılıq müsabiqələrinin və şahmat turnirinin qaliblərinə fəxri fərmanlar və qiymətli hədiyyələr verilmişdir. YAP sıralarına yeni daxil olanların bir qrupuna partiya üzvlük vəsiqələri təqdim edilmişdir.
######
