REGİONLAR
Mütəxəssis: Bəzi bölgələrdə xaricdən gətirilən üzüm sortları özünü doğrultmadığından yerli sortlarla dəyişdirilir
![Mütəxəssis: Bəzi bölgələrdə xaricdən gətirilən üzüm sortları özünü doğrultmadığından yerli sortlarla dəyişdirilir](/files/2023/2/1200x630/16933914324167438474_1200x630.jpg)
Gəncə, 30 avqust, Elcan Məmmədov, AZƏRTAC
Hazırda bəzi bölgələrdə üzüm bağlarında calağaltı ilə olan üzümlüklərdə xaricdən gətirilən sortlar özünü doğrultmadığına, yəni məhsuldarlıq fermerləri qane etmədiyinə görə yerli sortlarla dəyişdirilmə prosesi aparılır. Bunun əsas səbəblərindən biri xaricdən gətirilən sortların yerli iqlim şəraitinə uyğunlaşmamasıdır. Xüsusilə, Şamaxı və Cəlilabad rayonlarında sortların dəyişdirilməsi istiqamətində işlər aparılır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Dövlət Aqrar Universitetinin dosenti Sevil Abduləliyeva deyib.
O bildirib ki, sentyabr ayında bağlarda üzüm dəriminə 15-20 gün qalmış suvarma dayandırılmalıdır. Aprobasiya, kütləvi seleksiya və üzümlüklərin inventarizasiyası aparılmalıdır.
Mütəxəssis bu aylarda üzüm tingliyinə “Bordo” mayesinin çilənməsinin, suvarılan üzümçülük rayonlarında məhsul yığımının ardınca suvarma aparılmasının vacib olduğunu deyib: “Tənəkdə su balansını nizamlamaq üçün mütləq üçüncü suvarma aparılmalıdır. Bu, yarpaqlarda fotosintezin güclü getməsini təmin edir”.