DÜNYA
NATO Suriyada beynəlxalq təhlükəsizlik zonası yaratmaq ideyasını dəstəkləyir
Bakı, 24 oktyabr, AZƏRTAC
NATO-nun Baş katibi Yens Stoltenberq hesab edir ki, Almaniyanın Müdafiə nazirinin Suriyanın şimalında beynəlxalq təhlükəsizlik zonasının yaradılması ideyası vəziyyətin nizamlanması elementlərindən biri ola bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Stoltenberq, həmçinin müttəfiqlərin uzun vədəli siyasi həllə yönəlmiş təkliflərindən məmnunluğunu ifadə edib.
“Müdafiə nazirləri danışıqlarda Suriyanın şimal-şərqində vəziyyətin nizamlanmasına dair beynəlxalq ictimaiyyətlə razılaşdırılmış çərçivələrin qurulması məsələsini müzakirə edəcək. Bütün müttəfiqlər böhranın danışıq yolu ilə həllini dəstəkləyir. Almaniya tərəfinin təklif etdiyi variant bu elementlərindən biridir”, - deyə o, NATO-nun mənzil-qərargahında nazirlər səviyyəsində keçiriləcək danışıqlardan öncə bildirib.
Bir qədər əvvəl Almaniyanın Müdafiə naziri və XDİ partiyasının sədri Anneqret Kramp-Karrenbauer Türkiyə-Suriya sərhədində beynəlxalq təhlükəsizlik zonasının yaradılması barədə NATO-da təklif irəli sürəcəyini deyib. Nazirin sözlərinə görə, Suriyada yaranmış vəziyyət Avropanın və əsasən də Almaniyanın təhlükəsizliklə bağlı maraqlarına mənfi təsir göstərir. Anneqret Kramp-Karrenbauer bu məsələdə Berlin və Brüsselin fəaliyyətlərinin indiyədək çox passiv olduğunu da qeyd edib.