NAXÇIVAN MODUL TİPLİ ELEKTRİK STANSİYASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Dekabrın 20-də Naxçıvan Muxtar Respublikasında modul tipli elektrik stansiyası istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Mərasimə toplaşan energetiklər, inşaatçılar dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladılar. Onların əllərində ulu öndər Heydər Əliyevin, dövlətimizin başçısının portretləri, Azərbaycanın dövlət bayraqları, ümummilli liderin müdrik kəlamları yazılmış transparantlar var idi.
“Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, Naxçıvan-Ordubad magistralının 8-ci kilometrində “Azərenerjitikinti” MMC tərəfindən inşa edilən, ümumi gücü 87 meqavat olan modul tipli elektrik stansiya 12 hektar ərazini əhatə edir. Stansiyanın işə salınması muxtar respublikanın elektrik enerjisi ilə təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda, yeni iş yerləri də yaradılır. Əgər sovet dövründə muxtar respublikanın energetika sistemində 200-250 nəfər çalışırdısa, hazırda bu sahədə 1000 nəfərə yaxın işçi çalışır.
Sonra dövlətimizin başçısı düyməni basaraq, elektrik stansiyasını işə saldı.
Prezident İLHAM ƏLİYEV inşaatçılara və energetiklərə müraciətlə dedi:
- Sizi təbrik edirəm!
Bu modul tipli elektrik stansiyası Naxçıvan Muxtar Respublikasının enerji problemini həll edəcəkdir, burada həyat işıqlı olacaqdır. Sizə təşəkkür edirəm ki, belə gözəl iş görmüsünüz, qısa müddət ərzində stansiyanı tikmisiniz. Altı ay ərzində gözəl, müasir obyekt tikilibdir.
Sizə uğurlar arzulayıram.