REGİONLAR
Naxçıvan Muxtar Respublikasında keçirilən “Gələcəyini planlaşdır” təlimləri yekunlaşıb


Kəngərli, 8 may, AZƏRTAC
“Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində Naxçıvanda keçirilən maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimləri yekunlaşıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Kəngərli rayonundan olan qadınların iştirakı ilə keçirilən ikigünlük növbəti təlimdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova iştirakçılara pul vəsaitlərinin, mövsümi xərclərin idarə edilməsi, büdcə planlaşdırması, borc idarəetmə üsulları, qənaət vərdişləri və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumat verib.
Qarşılıqlı diskussiya şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılıb.
Təlim başa çatdıqdan sonra sertifikatlar verilib. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova və layihə rəhbəri Sevinc Rüstəmova təlimdə iştirak edən qadınları təbrik edib, 50 təlim iştirakçısına sertifikat və hədiyyələr təqdim olunub.
Təlim iştirakçıları muxtar respublikada qadınlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini deyib, buna görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Qeyd edək ki, “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və icra olunan “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqramı çərçivəsində həyata keçirilir.
Növbəti təlim Culfa rayonundan olan qadınlar üçün nəzərdə tutulub.