NAXÇIVAN QAZ-TURBİN ELEKTRİK STANSİYASI MUXTAR RESPUBLİKANIN ENERGETİKA SİSTEMİNƏ QOŞULMUŞDUR
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 20-də Naxçıvan şəhərində daha bir obyektin - qaz-turbin elektrik stansiyasının işə salınmasında iştirak etmişdir.
Bu stansiya 1992-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinın sədri işləyərkən istifadəyə verilmişdi. O vaxt qardaş Türkiyədən gətirilərək quraşdırılmış və dizel yanacağından istifadə olunan stansiya indi təbii qazla işləyir. Bu məqsədlə İtaliya, Avstriya, İsveçrə və Almaniyadan yeni avadanlıq alınıb quraşdırılmışdır.
Prezident İlham Əliyev ulu öndərin iştirakı ilə stansiyanın açılışı zamanı çəkilmiş fotoşəkillərə baxdı, sonra düyməni basaraq, stansiyanı işə saldı.
Dövlətimizin başçısına məlumat verildi ki, stansiyaya 12 kilometr məsafədən təbii qaz kəməri çəkilmişdir. Gücü 50 meqavat olan bu stansiyada 75 daimi iş yeri açılmışdır. Hazırda 35 meqavat elektrik enerjisi istehsal olunur və stansiya muxtar respublikanın energetika sisteminə qoşulmuşdur. Dördüncü turbin işə qoşulduqdan sonra stansiya tam gücündə işləyəcəkdir. Bu stansiyanın işə düşməsi Şahbuz və Babək rayonlarının əksər hissəsinin elektrik enerjisi ilə təmin edilməsinə imkan yaradacaqdır.
Prezident İlham Əliyev stansiyada çalışan işçilərlə görüşdü, onları təbrik edərək dedi ki, indi Naxçıvanın elektrik enerjisinə olan tələbatı daha yaxşı ödəniləcəkdir. Buradakı fotoşəkillərdən göründüyü kimi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bu stansiya tikilib istifadəyə verilmiş, amma müəyyən səbəblərə görə dayanmışdı. İndi biz bərpa etdik və siz də gərək bunu yaxşı işlədəsiniz.