Naxçıvan şəhərində quruculuq işləri davam etdirilir
Naxçıvan, 13 mart, AZƏRTAC
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində inşa olunan yeni yaşayış binası gələcəkdə sakinləri yüksəkkeyfiyyətli rahat mənzillərlə təmin edəcək. Ötən ilin oktyabr ayından tikintisinə başlanılan binanın təməli atılıb, zirzəmi hissəsinin beton-qəlib işləri görülür.
AZƏRTAC xəbər verir ki, 4 giriş və 6 mərtəbədən ibarət olacaq binanın tikintisini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər.
Layihəyə əsasən yaşayış binasında lift quraşdırılacaq. Zirzəmidə 29 yerlik avtomobil dayanacağı yaradılacaq, birinci mərtəbədə 12 mağaza istifadəyə veriləcək. İnşası aparılan obyektdə kifayət qədər işçi qüvvəsi çalışır. Tikintidə, əsasən, yerli inşaat materiallarından istifadə edilir, keyfiyyət amilinə xüsusi önəm verilir. İnşaatçılar geyim formaları və lazım olan avadanlıqlarla təmin olunublar.
Genişmiqyaslı quruculuq tədbirləri Naxçıvan şəhərinin “Azərbaycan” küçəsində də aparılır. Belə ki, burada mövcud olan inzibati bina Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi üçün yenidən qurulur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada son tamamlama işləri görülür. Hazırda binanın qapıları salınır, daxili hissədə dekorativ işlər aparılır. Binanın həyətində abadlıq işləri görülür, gülkarlıqlar yaradılır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilən tikinti işlərində texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur.