Naxçıvan teatrı mütərəqqi ənənələrinə sadiq qalaraq fəaliyyətini uğurla davam etdirir
Naxçıvan, 12 mart, AZƏRTAC
Zəngin mədəni irsə malik Naxçıvan teatrı şərəfli inkişaf yolu keçib. Yarandığı 1883-cü ildən Azərbaycan teatr sənətinin qüdrətli nümayəndələri ilə əlaqələr saxlayıb, öz həmkarlarının mənəvi dəstəyini daim hiss edib. Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Məhəmmədtağı Sidqi və başqa görkəmli ziyalılarımız teatrın inkişafında əsl fədakarlıq göstəriblər.
Bu gün Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binaları yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Qədim diyarımızda fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır.
Müstəqillik illərində Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilib. Naxçıvan teatrı Türkiyə Respublikasının Ankara, İstanbul, Bursa, Trabzon, Qars, Ərzurum, İqdır, Dənizli, Tarsus, İran İslam Respublikasının Təbriz, Maku və başqa şəhərlərində qastrol səfərlərində olub, göstərdiyi tamaşalarla dost və qonşu ölkələrin teatrsevərlərinin rəğbətini qazanıb. Naxçıvan teatrının Bakıda və Azərbaycanın digər rayonlarında göstərdiyi tamaşalar da maraqla qarşılanıb. Teatr repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, klassik və çağdaş dramaturgiyamızın dəyərli nümunələrini, dünya klassiklərinin əsərlərini səhnəyə qoyur.
Bu il yaradılmasının 135 illiyi tamam olan Naxçıvan Dövlət Musiqili Dram Teatrının müstəqillik illərində hazırladığı tamaşalar üslub, struktur və janr müxtəlifliyi ilə seçilir. “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Şeyx Sənan”, “İblis”, Nadir şah”, “Mirzə Cəlil taleyi”, “Ağa Məhəmməd şah Qacar”, “Əlincə qalası”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Ah Paris, Paris!..”, “Arılar arasında” və “Göy quş” kimi üslub, struktur və janr müxtəlifliyi ilə seçilən tamaşalar teatrın yaradıcılıq axtarışlarının nəticəsidir.
Muxtar respublikamızda yaradılan ikinci teatr kimi M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da yüksək qayğı ilə əhatə olunub. 2004-cü ildə müasir bina ilə təmin olunan teatrın Türkiyəyə, Tacikistana və İrana səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı isə müxtəlif illərdə hazırladığı tamaşalarla balacaların qəlbinə yol tapmağı bacarıb.
Bu gün muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Son illərdə xalq teatrlarının “Kamança”, “Ac həriflər”, “Xəcalət”, “Şöhrət ardınca”, “Ezop”, “Ər və arvad”, “Unuda bilmirəm”, “Tiflis səfəri” kimi tamaşaları ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Müstəqillik illərində Naxçıvan teatrının tədqiqi ilə bağlı bir sıra uğurlu işlər də həyata keçirilib, monoqrafiya və kitablar nəşr olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” kitabı yüksək qiymətə layiqdir. Kitabda Naxçıvan teatrı ilə bağlı çoxsaylı mühüm elmi əhəmiyyətə malik sənədlər, fotoşəkillər və digər məlumatlar ilk dəfə olaraq oxuculara təqdim edilib.
Teatrlarımız həmişə bütün tarixi proseslərdə milli düşüncənin, cəmiyyət həyatının yeniləşməsinə və inkişafına xidmət edib. Xalqımızın mənəvi təkamülündə, mədəni səviyyəsinin yüksəldilməsində, böyük idealların xalqa çatdırılmasında, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində teatrlarımızın özünəməxsus xidmətləri var.
Naxçıvan teatrı bu gün də öz mütərəqqi ənənələrinə sadiq qalaraq fəaliyyətini davam etdirir.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu