Naxçıvanda Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi yaradılıb
Naxçıvan, 15 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlər bölməsinə Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əlavə edilib. İşəgötürən və işçilərin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadəsinə kömək məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “255” nömrəli qaynar xətt yaradılıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində əmək müqaviləsi üzrə elektron informasiya sisteminin təqdimatı və sistemdən istifadəyə dair işəgötürənlər və müəssisələrin kadr məsələləri üzrə mütəxəssisləri üçün keçirilən seminarda bu barədə məlumat verilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Əziz Hümbətov çıxış edərək bildirib ki, ölkəmizdə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli Qanununa əsasən Əmək Məcəlləsinə “əmək müqaviləsi bildirişi” anlayışı daxil edilib.
“Həmin bildirişin elektron informasiya sisteminə daxil edilməsi Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən işəgötürənə verilən gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir”, - deyən Əziz Hümbətov vurğulayıb ki, işəgötürən və işçi arasında əmək münasibətinin rəsmiləşdirilməsi əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
Seminarda əmək müqaviləsi üzrə elektron informasiya sistemi barədə Naxçıvan Televiziyasının hazırladığı videoçarx nümayiş olunub.
Sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov elektron informasiya sisteminin iş prinsipi, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi Rəşad Süleymanov isə elektron imzadan istifadə qaydaları barədə seminar iştirakçılarına slaydların müşayiəti ilə məlumat veriblər.
Sonda suallar cavablandırılıb, iştirakçılara maarifləndirici bukletlər təqdim edilib.