İDMAN
Naxçıvanda futbol üzrə Azərbaycan super kuboku uğrunda oyun keçirilmişdir
Naxçıvan, 23 oktyabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasında digər idman növləri ilə yanaşı, futbolun inkişafına da xüsusi diqqət yetirilir. Bu il əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Muxtar Respublika stadionunda ölkə və beynəlxalq futbol yarışlarının keçirilməsi üçün lazımi şərait yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 23-də Naxçıvan Muxtar Respublika Stadionunda “Neftçi” və “Xəzər-Lənkəran” komandaları arasında futbol üzrə “Azərbaycan super kuboku” uğrunda oyun keçirilmişdir.
Yarışdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Gərgin idman mübarizəsi şəraitində keçən oyun “Xəzər-Lənkəran” komandasının 2:1 hesablı qələbəsi ilə başa çatmış və komanda “Azərbaycan super kuboku”nun sahibi olmuşdur.
Oyundan sonra təntənəli mükafatlandırma mərasimi keçirilmişdir.
Mükafatları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramil Musayev və Azərbaycan Futbol Federasiyaları Assosasiyasının baş katibi Elxan Məmmədov təqdim etmişlər.
“Neftçi” komandası gümüş medallarla mükafatlandırılmışdır. “Xəzər-Lənkəran” komandasının üzvlərinə isə qızıl medallar və kubok təqdim olunmuşdur.
Oyun “İdman Azərbaycan” kanalı və Naxçıvan Dövlət Televiziyası ilə canlı yayımlanmışdır.