Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı - Nazlı Nəcəfova
Bakı, 1 dekabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi materiallar fondunda Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Əməkdar müəllim Nazlı Nəcəfovaya (Tahirova) aid fotoşəkil qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Nazlı Nəcəfova 1890-cı ildə Naxçıvanda anadan olub. O, ata xətti ilə babası və ulu babası - Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olub. Ana tərəfdən məşhur Kəngərlilər nəslindəndir.
N.Nəcəfova məşhur xeyriyyəçi, görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin açdırdığı qızlar məktəbinin ilk şagirdlərindən olub. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərdən səkkiz il dərs alıb. O, müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı yerə, İrəvana qayıdaraq, burada müəllimlik fəaliyyətinə başlayıb. Naxçıvana qayıtdıqdan sonra Nazlı Nəcəfova yenidən müəllimlik fəaliyyətini davam etdirib. Naxçıvanda bir sıra qadın klubları, bunun ardınca isə yerli müəllimlər üçün hazırlıq məktəbində qızlar üçün xüsusi bölmə və qızlar məktəbinin təsis olunmasında onun xüsusi rolu olub.
1942-ci ildə Nazlı Nəcəfova “xalq düşməninin həyat yoldaşı” kimi Qazaxıstana sürgün edilib. Sonralar Nazlı xanım Azərbaycana qayıda bilsə də, ona doğma Naxçıvanda qalmağa icazə verilməyib. Həmin vaxtda Nazlı xanım Göyçay rayonunda Azərbaycan və rus dilləri üzrə dərs deyib. Daha sonralar o, Naxçıvanda da müəllim işləyib, “Əməkdar müəllim” adını alıb və 1977-ci ildə Naxçıvanda vəfat edib.