Naxçıvanda keçirilən Beynəlxalq Şahmat Festivalının 3-cü turu yekunlaşıb
Naxçıvan, 4 may, AZƏRTAC
Naxçıvan şəhərindəki Şahmat Mərkəzində keçirilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının üçüncü turuna yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “A” qrupunun maraqla gözlənilən oyununda qrossmeyster Nicat Abasov (Azərbaycan) beynəlxalq usta Ortik Niqmatovla (Özbəkistan), qrossmeyster Eltac Səfərli (Azərbaycan) isə beynəlxalq usta Məhəmməd Muradlı (Azərbaycan) ilə üz-üzə gəlib. Bu görüşlərdə Eltac Səfərli rəqibindən üstün olub. Digər oyun heç-heçə başa çatıb. Qrossmeyster Timur Qarayev (ABŞ) FIDE ustası Esat Bağlanı (Türkiyə) məğlub etməklə ardıcıl üçüncü qələbəsini qazanıb.
Belaruslu qrossmeyster Vadim Malaxatko və azərbaycanlı FIDE ustası Murad İbrahimlinin də görüşü maraqla gözlənilirdi. Bu qarşılaşmada gülən tərəf belaruslu şahmatçı olub. Turnirin ən yüksək reytinqli şahmatçısı, qrossmeyster Vladislav Kovalyev (Belarus) bu turda beynəlxalq usta Misrətdin İsgəndərovun (Azərbaycan) müqavimətini qıra bilməyib. Görüş “sülh”lə başa çatıb.
Qrossmeysterlər Aleksey Aleksandrovla (Belarus) Əmirreza Purramezanali (İran) xalları yarı böldüyü halda, Eldar Həsənov (Ukrayna) beynəlxalq usta Orxan Abdulovu (Azərbaycan) məğlubiyyətə uğradıb.
Naxçıvanlı zəka sahiblərində qrossmeyster Urfan Sevdimalıyev qrossmeyster Zeynəb Məmmədyarova ilə üz-üzə gəlib və turnirdə ikinci qələbəsini qazanıb. FIDE ustalarımızdan Sadiq Məmmədov Aleksandr Demyanjuka (Rusiya), Pərviz Qasımov isə Gövhər Beydullayevaya (hər ikisi Azərbaycan) məğlub olub.
Şahmatçılarımız - beynəlxalq usta Toğrul Həsənzadə Xəzər Babazadəyə şans verməyib, beynəlxalq usta Talıb Babayev isə qrossmeyster Xəyalə Abdulla ilə xalları yarı bölüb.
İlk 3 turdan sonra Eltac Səfərli, Vadim Malaxatko və Timur Qarayev 3 xalla liderdirlər.
“B” qrupunda isə səkkiz zəka sahibi maksimum nəticə göstərib. Onlar arasında Amil Abbasov, Şahin Hüseynov və Fariz Əhmədov ilk üç pillədə qərarlaşıb.
Beynəlxalq Şahmat Festivalının “C” qrupunda 15 zəka sahibi yüksək nəticə göstərib. Onlardan 9 nəfəri Naxçıvan şahmat məktəbinin yetirməsidir.