NAXÇIVANDA “NAXÇIVAN: TARİXİ GERÇƏKLİK, MÜASİR DURUM, İNKİŞAF PERSPEKTİVLƏRİ” MÖVZUSUNDA BEYNƏLXALQ SİMPOZİUM KEÇİRİLMİŞDİR
Simpoziumun iştirakçıları əvvəlcə Naxçıvan şəhərindəki Əcəmi seyrəngahına gələrək, ümummilli liderimiz Heydər Əliyevin büstü önünə tər güllər qoymuş, xalqımızın dahi oğlunun xatirəsini ehtiramla yad etmişlər.
Sonra onlar muxtar respublika Ali Məclisinin binasında
təşkil edilmiş kitab sərgisinə baxmışlar.
Simpoziumun açılışında çıxış edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bildirmişdir ki, Naxçıvanda keçirilən bu beynəlxalq elmi toplantı qədim diyarın tarixi və coğrafiyasının, iqtisadiyyatı, ədəbi mühiti və mədəniyyətin inkişafının ən aktual problemlərinə, eyni zamanda, əsassız erməni iddiaları və tarixi gerçəklik kimi vacib bir mövzuya həsr olunmuşdur.
Ali Məclisin sədri demişdir: “Biz bu simpoziuma muxtar respublikada elmin və iqtisadiyyatın inkişafı sahəsində görülən işlərin bir növ hesabatı kimi baxırıq. Bu, həm də ümumən Azərbaycan qarşısında hesabatdır. Yəni indiyədək necə işləmişik, gələcəkdə işlərimizi necə qurmalıyıq, necə etməliyik ki, elmimiz daha da irəli getsin, - şübhə etmirəm ki, bütün bu suallara simpoziumda ətraflı cavab veriləcəkdir.”
Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov “Tarixdə və tariximizdə Naxçıvanımız” AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Ermənilərin Naxçıvana qarşı ərazi iddialarının əsassızlığı və tarixi həqiqətlər”, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli “Naxçıvanda ədəbi-mədəni mühit, tarixi proses və müasir inkişaf istiqamətləri” mövzularında məruzələr etmişlər.
Sonra beynəlxalq simpozium AMEA-nın Naxçıvan bölməsində və Naxçıvan Dövlət Universitetində beş bölmə üzrə öz işini davam etdirmişdir.
Naxçıvanın tarixi, Naxçıvana erməni iddiaları və tarixi gerçəklik, Naxçıvanın coğrafiyası və toponimləri, Naxçıvanda ədəbi mühit və mədəniyyət, iqtisadiyyat bölmələrində Azərbaycan, Türkiyə və İran alimlərinin 60-a yaxın məruzəsi dinlənilmişdir.
İki gün davam etmiş simpoziumu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, AMEA-nın Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universiteti təşkil etmişlər.