Naxçıvanda yeni Data Mərkəzin təməli qoyulacaq
Bakı, 6 iyun, AZƏRTAC
Türkiyə ilə sərhəddən, yəni Sədərəkdən Ordubada qədər Naxçıvan şəhəri və Şahbuz da əhatə olunmaqla fiber-optik magistral işlərinin I mərhələsi yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini - nazir vəzifəsini icra edən Rahid Ələkbərli Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən “Dövlət Qurumlarının IT rəhbərlərinin IV Zirvə Toplantısı”nda çıxışı zamanı bildirib.
“Artıq inşaat işlərinin satın alınması işləri başa çatıb. Bu, kifayət qədər ciddi layihədir. Hazırda mövcud infrastruktura alternativ infrastrukturun tikintisi nəzərdə tutulur. Söhbət 16 terabit saniyə tutumu daşıya biləcək infrastrukturdan gedir. Bu tutum təkcə Naxçıvan Muxtar Respublikası üçün deyil, həm də regional və beynəlxalq tranzit trafiklərinin daşınması üçün hesablanıb. Layihənin inkişafı üzrə ayrılan büdcə 4 milyon manata yaxındır və demək olar ki, xərclənib”, - deyə o qeyd edib.
R.Ələkbərli qeyd edib ki, digər önəmli məsələ Data Mərkəzin tikintisi layihəsidir: “Bu, bizim təxirəsalınmaz layihələrimizdəndir. Layihə dövlət proqramı çərçivəsində həyata keçirilir. Artıq satınalma işlərinin bir hissəsi həyata keçirilib. Layihələndirmə işləri yekunlaşıb, artıq sənədləri ekspertizaya təqdim etmişik. Tezliklə Data Mərkəzin təməlqoyma mərasimi keçiriləcək”.