Naxçıvanlı gənclər hərbi xidmətə yollanırlar
Naxçıvan, 17 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov və təhsil nazirinin müavini Ovni Muradov çağırışçıları və onların valideynlərini təbrik edib, gənclərə hərbi xidmətdə uğurlar arzulayıblar.
Valideyn Qüdrət Cəlilov övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib, çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Emin Muradov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən mayor Cavid Məmmədov bildirib ki, ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişaf etməsi Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olduğunu göstərir.
Cavid Məmmədov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, onların övladlarının milli ordumuzun sıralarında ləyaqətlə xidmət edəcəklərinə əminliyini bildirib.
Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.