NAZİRLƏR KABİNETİ BUĞDA TOXUMÇULUĞUNUN İNKİŞAF ETDİRİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA QƏRAR QƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti iyunun 19-da ölkədə buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında qərar qəbul etmişdir. Qərarda deyilir ki, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm yer tutan buğda istehsalının dinamik inkişafına nail olmaq məqsədi ilə son illər onun toxumçuluğu sahəsinə dövlət dəstəyi daha da genişləndirilmiş və buğda istehsalının artmasına əsaslı zəmin yaradılmışdır.
Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Elm Mərkəzinin təsərrüfatlarının və dövlət kənd təsərrüfarı istehsalı müəssisələrinin maddi-texniki bazasının zəif olması və əsas vəsaitlərinin sıradan çıxması ilə əlaqədar ölkənin buğda toxumuna olan tələbatı tam ödənilmir.
Mütəxəssislərin apardığı hesablamalara əsasən 2011-ci ildə respublikanın buğdaya olan tələbatını ödəmək məqsədi ilə 2009-cu ildə 620,0 min hektar və 2010-cu ildə 650,0 min hektar sahədə yüksək reproduksiyalı toxumlarla əkin aparılmalıdır.
Respublikada toxumçuluqla məşğul olan dövlət qurumlarının fəaliyyətini tənzimləmək, onların maddi-texniki bazasını möhkəmləndirmək, istehsalçıların toxuma olan tələbatını ödəmək və ölkədə buğda istehsalının dinamik inkişafını təmin etmək məqsədi ilə Nazirlər Kabineti bu qərarla Kənd Təsərrüfatı Nazirliyinin qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur.
Nazirliyin Aqrar Elm Mərkəzinin təsərrüfatlarının və dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin torpaqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə inventarlaşdırılaraq, onlardan istifadə olunması vəziyyəti barədə təkliflər 2 ay müddətində Nazirlər Kabinetinə təqdim edilməlidir.
Aqrar Elm Mərkəzinin təsərrüfatlarında və dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində kollektor-drenaj şəbəkələrinin və suvarma sistemlərin vəziyyəti “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə araşdırılaraq, onların bərpası barədə Nazirlər Kabinetinə təkliflər verilməlidir.
Kənd Təsərrüfatı Nazirliyi “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin dördüncü hissəsinin və Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi qaydası”nın 2.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hər il iyunun 15-dək növbəti ilə üçün orijinal, superelit, elit , 1- ci və 2-ci reproduksiyalı toxumlar və tinglərin istehsalı kvotalarının təsdiq edilməsi barədə müəyyən olunmuş qaydada Nazirlər Kabinetinə təkliflər verəcəkdir.
Nazirlik hər növbəti il üçün buğda toxumunu istehsal edən Aqrar Elm Mərkəzinin təsərrüfatları və dövlət kənd təsərrüfatı istehsalı müəssisələri üçün kənd təsərrüfatı maşın və mexanizmləri, gübrə, pestisidlər və avadanlıqların tələbatını müəyyən etməlidir.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdır ki, ilk növbədə, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin tabeliyində olan təsərrüfatların, dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin və özəl buğda toxumçuluq təsərrüfatlarının yerləşdiyi ərazilərdə tələbata əsasən aqroservis xidmətlərinin genişləndirilməsini təmin etsin.
Qərarda deyilir ki, servis xidmətlərinin qiymətləri “Aqrolizinq” ASC tərəfindən Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla təsdiq edilməlidir.
Aqrar Elm Mərkəzinin tabeliyində olan təsərrüfatlar, dövlət kənd təsərrüfatı istehsalı müəssisələri və özəl toxumçuluq təsərrüfatları servis xidmətlərinin dəyərini məhsul yığımı başa çatdıqdan sonra ödəyəcəklər.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin təsərrüfatlarında istehsal edilmiş orijinal, superelit və elit toxumların istehsalına çəkilən xərclər Kənd Təsərrüfatı Nazirliyi ilə Maliyyə Nazirliyi arasında əldə edilmiş razılaşmaya əsasən, mərhələlər üzrə ayrı-ayrı aqrotexniki tədbirlər başa çatdıqda ödəniləcəkdir.
Aqrar Elm Mərkəzinin təsərrüfatlarında büdcə vəsaiti hesabına istehsal edilmiş elit toxumlar onun istehsalına çəkilən xərclərin 50 faizi ödənilməklə, toxumçuluq təsərrüfatlarına veriləcək və əldə edilmiş vəsait təsərrüfatın maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcəkdir.
Dövlət və özəl toxumçuluq təsərrüfatlarında elit və 1-ci reproduksiyalı toxumların səpininə və istehsalına müəllif nəzarəti Aqrar Elm Mərkəzi tərəfindən həyata keçiriləcəkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, Aqrar Elm Mərkəzinin mərkəzi aparatı işçilərinin vəzifə maaşları barədə Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmış təklifi bir ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.
İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə tapşırılmışdır ki, Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi layihə-smeta sənədlərinə və ya texniki iqtisadi əsaslandırmaya əsasən nazirliyin tabeliyində olan Aqrar Elm Mərkəzinin, Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Dövlət Toxumçuluq Müfəttişliyinin yerli təşkilatlarında, habelə dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində inzibati binaların, laboratoriyaların, maşın-traktor parklarının və anbarların tikintisini, təmir və yenidən qurulmasını, tələb olunan avadanlıqların, cihazların və texnikanın alınmasını dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin (investisiya proqramı) hesabına ayrılmasını nəzərə alsınlar.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.