NBC BANK BİRİNCİ RÜBƏ YEKUN VURMUŞDUR
İlin əvvəli ilə müqayisədə NBC Bankın aktivləri 10 faiz artaraq 33 milyon manatdan artıq olmuş, kredit portfelinin həcmi 16 faiz artaraq 24 milyon manata çatmışdır. Ötən ilin birinci rübü ilə müqayisədə bankın xalis mənfəəti 200 faiz artmış 410 min AZN təşkil etmişdir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, ötən rübdə NBC müştəri xidmətləri məntəqələri şəbəkəsini də genişləndirmişdir. Bakıda “Sahil” filialı açılmış, metronun “Bakı Soveti” stansiyası yaxınlığında “Səbail” filialının açılması üçün lisenziya alınmışdır.
NBC ilin əvvəlindən yeni “Çempion” aksiyasını həyata keçirir. Mayın 5-dək davam edəcək aksiyanın iştirakçıları banka 1 il müddətinə azı 200 manat depozit qoyub mayın 21-də Moskvanın Lujniki stadionunda keçiriləcək Çempionlar Liqasının final oyununa getmək şansı əldə edəcəklər. Bank yol və ikigünlük mehmanxana xərclərini ödəyəcəkdir.