REGİONLAR
NDU-da “Əczaçılıq botanikası” dərsliyinin təqdimatı keçirilib
Naxçıvan, 7 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Əczaçılıq botanikası (ümumi hissə)” dərsliyinin təqdimatı keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov universitetin professor-müəllim heyətinin kitab təqdimatlarının keçirilməsinin ənənə halı aldığını qeyd edib. Bildirib ki, Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədovun, Əczaçılıq və biokimya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Seyidovun, həmin kafedranın baş müəllimi Əzizə Hüseynovanın həmmüəllifi olduqları dərslik ali məktəblərdə Əczaçılıq ixtisası üzrə təhsil alan tələbələr və müəllimlər üçün nəzərdə tutulub. Yeni nəşr botanika sahəsində əldə edilən son nailiyyətlərə əsasən yazılıb.
Universitetin Biologiya kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Hilal Qasımov bildirib ki, müasir dövrdə əczaçılıq kimyası sənayesində müxtəlif dərman preparatlarının istehsalında dərman bitkiləri xüsusi yer tutur. Ona görə də əczaçı bitkiləri tanımalı və xarakterizə etməyi bacarmalıdır ki, bu da başlıca olaraq bitki morfologiyası sistematikası elmlərinə yiyələnməkdən keçir. Bu baxımdan kitabı yüksək qiymətləndirən Hilal Qasımov rus və türk ədəbiyyatlarından da istifadə edilərək hazırlanan dərslik haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, kitabda bitkilərlə ümumi tanışlıq, hüceyrə nəzəriyyəsinin ümumi quruluşu, toxumalar, vegetativ və generativ orqanlar, bitkilərin çoxalması, inkişafı, hava, kök vasitəsilə qidalanması və bir çox digər məsələlər geniş izah edilib.
Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva qeyd edib ki, botanika əczaçı kadrların yetişməsində xüsusi fənlərdən biri kimi əsas bazanı təşkil edir. Əczaçılıq ixtisasında təhsil alan tələbələrin gələcəkdə farmokoloq kimi fəaliyyət göstərməsi üçün bitkilərin təbii ehtiyatlarının müəyyənləşdirilməsi və bitki ehtiyatlarını tədqiq etməyi bacarmaları baxımından dərslik müstəsna rol oynayır.
Əczaçılıq ixtisası üzrə II kurs tələbəsi Sahilə Yusifova müəllimlərinin gərgin əməyi nəticəsində ərsəyə gələn kitabın tələbələr üçün əhəmiyyətindən danışıb və tələbələr adından minnətdarlığını bildirib.
Sonra müəlliflər universitet elmi mühitinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Sonda müəlliflər tərəfindən tələbələrə kitab hədiyyə olunub.