NEFT SƏNAYESİNDƏ RİSKLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ İDARƏ EDİLMƏSİ MÖVZUSUNDA DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) birinci vitse-prezidentinin müşaviri, professor Eldar Şahbazovun “Enerji təhlükəsizliyinin təmin olunması problemində risklərin idarə edilməsi” kitabı çapdan çıxmışdır.
Kitab neft və qaz sənayesində risklərin qiymətləndirilməsi və idarə edilməsi kimi çox aktual bir mövzuya həsr edilmişdir. Müəllif ilk dəfə olaraq risklərin qiymətləndirilməsi və idarə edilməsi məsələlərini ehtimal və kütləvi xidmət nəzəriyyələrindən istifadə etməklə, eyni zamanda, bir çox təsadüfi amillərin təsiri altında müxtəlif risk növlərinin yaranması faktını nəzərə almaqla sistemli şəkildə araşdırmışdır.
Kitabda neft və qaz layihələrinin bütün mərhələlərində qarşıya çıxan riskin qeyri-müəyyən və məhdud informasiya şəraitində qiymətləndirilməsinin elmi-metodoloji əsasları və metodikaları işlənmişdir.
Bu kitab Prezident İlham Əliyevin 2007-ci il mayın 23-də imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”na daxil olan enerji təhlükəsizliyinin əsaslarını təşkil etmiş müddəaların tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Kitabın müəllifi ARDNŞ-in enerji təhlükəsizliyi üzrə eksperti kimi qeyd edilən Konsepsiyanın hazırlanmasında birbaşa iştirak etmişdir.
“Qarabağ” nəşriyyatı tərəfindən rus dilində nəşr edilmiş kitab girişdən və 3 bölmədən ibarətdir. Birinci bölmə “Neft və qaz sənayesində böhranların müasir vəziyyəti və enerji təhlükəsizliyi”, ikinci bölmə “Neft və qaz sənayesində risklər haqqında məlumatların qeydiyyatı və qiymətləndirilməsinin əsasları”, üçüncü bölmə isə “Neft-qaz layihələrində məlumatların məhdud olduğu şəraitdə risklərin qiymətləndirilməsi” adlanır.
Kitab neft və qaz hasilatı avadanlığının istismarında keyfiyyətin artırılması, ətraf mühitin təhlükəsizliyi və qorunması sahəsində çalışan mütəxəssislər, elm adamları və tələbələr üçün vəsait kimi nəzərdə tutulmuşdur.