İQTİSADİYYAT
Neftçala rayonunun Kürkənd kəndinə ilk dəfə olaraq təbii qaz verilmişdir
Neftçala, 25 dekabr (AZƏRTAC). Dekabrın 24-də Neftçala rayonunun Kürkənd kəndinə ilk dəfə olaraq təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, Neftçala Qaz Paylayıcı Stansiyasından kəndə 12 kilometr uzunluğunda, diametri 315 millimetr olan polietilen daşıyıcı qaz boruları çəkilmiş, mövcud 367 fərdi yaşayış evinin hamısı qazlaşdırılmışdır. Həmin evlərdə qaz sayğacları quraşdırılmışdır.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Dilavər Əliyev, “Azəriqaz” İstehsalat Birliyinin əsaslı təmir və tikinti şöbəsinin mühəndisi Yusif Süleymanov, kəndin ağsaqqalları və ziyalılar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində onlara ərməğan edilən bu gözəl töhfəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.