İQTİSADİYYAT
“Neftqaztikinti” tresti yüksək keyfiyyətli təmir-tikinti işlərini davam etdirir
Bakı, 17 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqaztikinti” tresti yüksək keyfiyyətli təmir-tikinti işlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, trest hazırda “Azneft” İstehsalat Birliyinin “28 May” neft-qaz çıxarma idarəsinin sifarişi ilə “Günəşli” yatağındakı 13 nömrəli dərin dəniz özülündə əlavə 2 quyunun qazılması üçün yenidən qurulması, yatağın 2 və 6 nömrəli dərin dəniz özüllərinin kompleks əsaslı təmirini və Çilov yatağında 10 istismar quyusunun qazılması üçün 112 nömrəli stasionar dəniz özülünün tikintisini davam etdirir.
Trest, bundan əlavə “Neft Daşları” neft-qaz çıxarma idarəsinin ərazisində yerləşən 683 nömrəli estakadayanı meydançanın və “Çvanov” adası 203 nömrəli meydança arası estakadanın əsaslı təmirini, “Abşeronneft” neft-qaz çıxarma idarəsinin yığım nəql sisteminin yenidən qurulması, “Darvin bankası” yatağında 8 istismar quyusunun qazılması üçün 740 nömrəli və “Qərbi Abşeron” yatağında 10 istismar quyusunun qazılması üçün 20 nömrəli stasionar dəniz özülünün tikintisi işlərini də həyata keçirir.
Həmçinin trest ARDNŞ-nin qaz ixrac idarəsinin sifarişi ilə “Qazıməmməd-Qazax magistral qaz kəmərindən Mingəçevir qazpaylayıcı stansiyasına gedən magistral qaz kəməri qolunun tikintisini, “Altıağac-Ağsu” magistral qaz kəmərinin 17-26 kilometrlik hissəsinin və neft kəmərləri idarəsinin sifarişi ilə “Şimal ixrac boru kəməri”nin 57-60 kilometr hissəsinin əsaslı təmiri işlərini yüksək keyfiyyətlə davam etdirir.