İQTİSADİYYAT
Nəqliyyat könüllüləri növbəti maarifləndirmə tədbiri keçirib
Bakı, 22 may, AZƏRTAC
BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsini qeyd etdiyimiz bu günlərdə Səbail rayonu, 189-190 nömrəli təhsil müəssisəsinin ətrafında BMT, Bakı Nəqliyyat Agentliyi (BNA) və Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi birgə fəaliyyətə əsasən Nəqliyyat könüllülərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
BNA-dan AZƏRTAC-a bildirilib ki, Nəqliyyat könüllüləri hərəkət iştirakçılarını təhlükəsizlik qaydaları haqqında maarifləndirib, eyni zamanda, "Həyat dolu küçələr" şüarı ilə sürücüləri ehtiyatlı olmağa çağırıblar. Piyada təhlükəsizliyinin artırılması məqsədilə daha öncədən sözügedən təhsil müəssisəsinin ətrafında müvafiq yol nişanları quraşdırılaraq sürət həddi 30 kilometr/saata endirilib, əlçatanlığın artırılması məqsədilə panduslar təşkil edilib, təhlükəsizlik məqsədilə təhlükəsizlik dirəyi və məhəccərlər quraşdırılıb, mövcud eyni səviyyəli piyada keçidləri yenilənib, sürət məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb, təhlükəsizliyin maksimum həddə çatdırılması üçün eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində “Məktəb”, “Yavaş” sözləri yazılıb.
Unutmayaq, piyada ən həssas və vacib yol iştirakçısıdır.