İDMAN
“Neue Zürcher Zeitung”: Avropa Oyunlarının təşkili tam qüsursuzdur, Bakı Atıcılıq Mərkəzinin isə dünyada tayı-bərabəri yoxdur
![“Neue Zürcher Zeitung”: Avropa Oyunlarının təşkili tam qüsursuzdur, Bakı Atıcılıq Mərkəzinin isə dünyada tayı-bərabəri yoxdur](/files/2015/2/1200x630/14350714653511029202_1200x630.jpg)
Sürix, 23 iyun, AZƏRTAC
İsveçrənin “Neue Zürcher Zeitung” nəşrinin (“Yeni Sürix qəzeti”) internet versiyasında Valentin Otterlinin “Avropa Oyunlarından Olimpiya Oyunlarına doğru” sərlövhəli məqalə dərc olunub (http://www.nzz.ch/sport/weiterer-sport/von-europa--zu-olympischen-spielen-1.18566531). Məqalədə Bakıda birinci Avropa Oyunlarının təşkili “mükəmməl” adlandırılıb.
Məqalədə deyilir ki, Oyunların qüsursuz təşkil edilməsi dövlət başçısının məqsədi olub və Azərbaycanda bu məqsədə vəsait əsirgəməyiblər. Bildirilir ki, birinci Avropa Oyunlarına ev sahibliyi etmək gənc dövlətin arzusu olub və indi burada yeni arzu ilə yaşayır, Olimpiya Oyunlarını qəbul etməyə ümid bəsləyirlər.
Məqalə müəllifi Valentin Otterli xatırladır ki, Oyunlarda təqribən 50 ölkədən 6 min idmançı iştirakçı edir. Onlar 253 dəst medal uğrunda mübarizə aparırlar. Qazanılan medalların ümumi sayına görə, Azərbaycan hələlik Rusiyadan sonra ikinci yerdədir. Məqalədə vurğulanır ki, bu, gənc dövlət üçün yaxşı nəticədir. Azərbaycanın bəzi medalçıları əslən bu ölkədən deyildir, amma buna baxmayaraq, onları eyni dərəcədə gurultulu alqışlarla qarşılayırlar. Axı, azarkeşlər üçün əsas məsələ ölkənin bayrağının dalğalanmasıdır. Müəllif xatırladır ki, ölkə Prezidenti eyni zamanda Milli Olimpiya Komitəsinə başçılıq edir, birinci xanım, həmçinin Təşkilat Komitəsinin başçısıdır. Ona görə də təsadüfi deyil ki, onlar həmvətənlərinə medalları şəxsən təqdim edirlər.
Məqalədə deyilir ki, azarkeşlər idmanın bütün növlərinə eyni dərəcədə maraq göstərmirlər. Bu baxımdan qadınlar arasında triatlon yarışları təəssüflə qeyd edilir. Amma güləşçilərin çıxışları zamanı tribunalar adətən adamlarla dolu olur və azarkeşlər qalibləri hərarətlə salamlayırlar.
V.Otterliyə görə, Bakının bu Oyunlara böyük diqqət yetirməsinin səbəbi, ola bilsin, ölkənin yay Olimpiya Oyunlarının keçirilməsi hüququ qazanmaq üçün finalçıların siyahısına üçüncü dəfə düşmək cəhdinin bu Oyunlardan sonra uğurla nəticələnəcəyi ümidi ilə bağlıdır. Ola bilsin, buna görə Bakıda Oyunların yüksək səviyyədə təşkilinin təmin olunmasına vəsait əsirgəmirlər. Müəllif Oyunlar üçün inşa edilmiş idman arenalarını “möhtəşəm” adlandırır. Şəhərin qərb hissəsində Bakı Atıcılıq Mərkəzinin bəlkə də dünyada tayı-bərabəri yoxdur. Parlaq “Baku Crystal Hall” yaxın keçmişdə “Eurovision” mahnı müsabiqəsi üçün inşa edilib.
Görünür, bu möhtəşəmlik qarşısında mat qalan məqalə müəllifi sonda emosiyalarını cilovlaya bilməyib yazır: “Bir məsələyə də diqqəti cəlb etmək istəyirəm: Avropa Oyunlarının təşkili qüsursuz olub. Özü də könüllülər ordusunun fədakarlığı burada heç də az rol oynamayıb. Təşkilatçılar mükəmməlliyə nail olmaq üçün idman arenalarının ətrafındakı altızolaqlı yolların xüsusi səylə yuyulmasının da qayğısına qalıblar”.
Pərvanə Qarayev
AZƏRTAC-ın xüsusi müxbiri
Sürix