DÜNYA
Neyrobioloqlar şüur dərəcəsini ölçməyi öyrənmişlər
Bakı, 15 avqust (AZƏRTAC). İtaliya alimləri insanın heç bir zahiri davranış reaksiyasından isitifadə etmədən onun şüur dərəcəsini obyektiv surətdə ölçməyə imkan verən metod işləyib hazırlamışlar. Metodun təsviri “Science Translational Medicine” jurnalında dərc olunmuşdur. Bu barədə “Nature News”qısa məlumat verir.
Metod maqnit impulsun köməyi ilə beynin xarici stimulyasiyasını, ensefaloqram vasitəsilə bu impulsa reaksiyanın ölçülməsini və sonra bu reaksiyanın riyazi analizini nəzərdə tutur. O, neyrobioloqların belə bir çoxdankı müşahidəsinə əsaslanmışdır ki, tam şüurla işlədikdə beynin müxtəlif sahələri bir-biri ilə sıx bağlı olur. Bir sahədə yaranmış oyanma asanlıqla digər sahələrə ötürülür və daha gec “sönür”.
Marçello Massimini və onun Milan Universitetindən olan həmkarları tərəfindən işlənib hazırlanmış bu metodda yenilik ondan ibarətdir ki, o, şüur dərəcəsinin eyni zamanda obyektiv və kəmiyyət baxımından qiymətləndirilməsini nəzərdə tutur. Metod beynin stimulyasiyaya reaksiyasının “informasiya tutumunun” riyazi təhlilinə əsaslanır və bəbəyin reaksiyası kimi ənənəvi davranış testlərinin aparılmasını tələb etmir. Bu metod, məsələn, nümayiş etdirmişdir ki, “özünə qapanmış” vəziyyətdə olan insanlar gümrah, sağlam könüllülərlə tam eyni səviyyəli şüura malik olurlar.
Bundan əvvəl alimlər şüuru ölçmək üçün belə metodu beynin funksional tomoqramının təhlili əsasında yaratmağa cəhd göstərirdilər, lakin həmin metod pasiyentlərdən fəal iştirak tələb edirdi, hələ üstəlik nəhəng tomoqrafdan istifadə olunmasını nəzərdə tuturdu.