İQTİSADİYYAT
Niderland şirkəti Azərbaycanda rəsmi tərəfdaş axtarır
Bakı, 23 may, Ramiz Quliyev, AZƏRTAC
Bakı Ekspo Mərkəzində davam edən IX Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin (“Caspian Agro 2015”) iştirakçılarından biri də Niderlandın “Stolze Group” şirkətidir.
Şirkətin sahibi Тео Ştols AZƏRTAC-a müsahibəsində dedi ki, bir sıra Azərbaycan şirkətləri ilə əməkdaşlıq etsək də, burada rəsmi tərəfdaşımız yoxdur. “Biz bu sərgidə yeni məhsullarımızı təqdim etmək və şirkətin müştəri bazasını genişləndirməklə yanaşı, Azərbaycanda etibarlı tərəfdaşlar tapmaq niyyətindəyik. Sərginin təşkilati səviyyəsi çox yüksəkdir və mən əminəm ki, bu tədbir həmişəki kimi dolğun və səmərəli olacaq”, - deyə Тео Ştols bildirib.
“Stolze Group” şirkəti kənd təsərrüfatı sənayesində elektrik, su və isitmə texnikası üzrə ixtisaslaşıb. Şirkət Azərbaycanda təşkil olunan kənd təsərrüfatı sərgisində artıq üçüncü dəfə iştirak edir. İstixana təsərrüfatı və bağçılıq mərkəzləri ilə iş sahəsində zəngin təcrübəyə malik olan şirkət həm yerli, həm də beynəlxalq bazarlarda fəaliyyət göstərir.