Niderlandda Milli Qəhrəman Məmməd Məmmədovun xatirəsi yad olunub
Paris, 7 may, AZƏRTAC
Avropa Azərbaycanlıları Konqresinin (AAK), Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı (BAK) və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderland Krallığının müxtəlif şəhərlərində Qələbə günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, bu tədbirlər çərçivəsində Oistervijk şəhərində Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun (Medo) xatirəsi anılıb. Oistervijk şəhərinin meriyasında keçirilən tədbirdə mer Hans Janssen, Avropa Parlamentinin niderlandlı deputatı Lambert Van Nistelrooij, Milli Qəhrəmanın qızı Nancy Doomen-Məmmədova və ailə üzvləri, ölkəmizin Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Belçikadakı səfirliyimizin müşaviri Elçin Bəşirov, NATO-dakı nümayəndəliyimizin əməkdaşı Anar Mütəllimov, Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa şöbəsinin rəis müavini Fuad İsmayılzadə, Azərbaycan icmalarının rəhbərləri, hər iki ölkənin mətbuat nümayəndələri iştirak ediblər.
Anım tədbiri “Medo Niderlandadır” sənədli filminin nümayişi ilə başlayıb. Mer Hans Janssen, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, eləcə də digər natiqlər Medonun keçdiyi həyat yolu, müqavimət hərəkatındakı fəaliyyəti haqqında məlumat veriblər.
F.İsmayılzadə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun tədbir iştirakçılarına məktubunu oxuyub.
AAK-ın prezidenti Sahil Qasımov Elxan Ələsgərovun “İtkin zaman” kitabı haqqında məlumat verib.
Tədbir iştirakçıları qəhrəmanın abidəsini, eləcə də Məmməd Məmmədovun adı verilmiş “Mamedovpad” küçəsini ziyarət ediblər.
Medonun abidəsi önündə niderlandlı bayraqdarlar gildiyası “Kral naminə” və “Məmmədov naminə” şüarları səsləndirərək Azərbaycan mənşəli qəhrəmanın xatirəsini yad edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris