MƏDƏNİYYƏT
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi açılmışdır
Daşkənd, 18 dekabr (AZƏRTAC). Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Nizami Gəncəvi adına Özbəkistan Dövlət Pedaqoji Universitetində (ÖDPU) Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışı olmuşdur.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin və AMM-in əməkdaşları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin (ÖADC) rəhbərləri, universitetin professor-müəllim heyəti, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov ölkəmizdən xüsusi olaraq mərkəzin açılışına dəvət edilmişdir.
Universitetin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Şavkat Şaripov və AMM-in direktoru Samir Abbasov qırmızı lenti kəsmiş, iştirakçılar mərkəzdə yaradılan şəraitlə tanış olmuşlar.
Mərkəzdə Azərbaycanın və Özbəkistanın dövlət bayraqları, ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti, ulu öndər Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitablar, Azərbaycan xalçaları və qədim filmlərimiz, milli musiqilərimizdən ibarət disklər yer almışdır və arzu edənlərə belə kitablar və disklər hədiyyə edilir.
Universitetin müəllimi, filologiya elmləri namizədi Gülbahar Aşurova mərasimi açaraq bildirmişdir ki, bu mərkəz Özbəkistan və Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətini təbliğ edəcəkdir. Burada Azərbaycan və özbək şairlərinin yaradıcılıq və xatirə gecələrinin keçirilməsi nəzərdə tutulur.
Şavkat Şaripov mərasimdəki çıxışında demişdir bu mərkəz özbək və Azərbaycan xalqlarının dostluğunu, mədəniyyətini, ədəbiyyatını, incəsənətini əks etdirir. Burada Azərbaycan dili kursları fəaliyyət göstərəcək və həftədə bir gün Azərbaycan filmləri nümayiş etdiriləcəkdir. Onun sözlərinə görə, Özbəkistanda “Arşın mal alan”, “Qaynana”, “Əhməd haradadır?” kimi klassik filmlər çox məşhurdur. Burada müəllim və tələbələrimiz yeni Azərbaycan filmlərinə baxmaq imkanı da əldə edəcəklər.
AMM-in direktoru Samir Abbasov bu mərkəzin yaradılmasına göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, ölkəmizin Özbəkistandakı səfirliyinə, Azərbaycan Dövlət Rəsm Qalereyasına minnətdarlığını bildirmişdir. O demişdir ki, ÖDPU-də belə bir mərkəzin yaradılması xalqlarımız və dövlətlərimiz arasında mədəniyyət, ədəbiyyat və incəsənəti sahəsində əlaqələrin inkişafına yardım edəcəkdir.
ÖADC-nin icraçı direktoru Erkin Nuritdinov, ÖDPU-nun filologiya fakültəsinin dekanı İnamcon Azimov və başqaları əmin olduqlarını bildirmişlər ki, bu mərkəz universitetin müəllim və tələbələri arasında populyar bir məkana çevriləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd