Nizami Kino Mərkəzində yeni filmlər...
Bakı, 27 aprel, AZƏRTAC
Nizami Kino Mərkəzində Türkiyənin “Can feda”, ABŞ-ın “Doğru və cəsarət” və ABŞ və Kanadanın birgə istehsalı olan “Dumanla nəfəs al” filmlərinin nümayişinə başlanılıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “AF Media” şirkətinin təqdim etdiyi “Can feda” döyüş filminin rejissoru Çağatay Tosundur. Film, türk ordusunun Vətən uğrunda, terrorçular tərəfindən qurulmuş təhlükəli tələyə qarşı mübarizəsindən bəhs edir.
Rollarda Kerem Bürsin, Burak Özçivit, Melike İpek Yalova çəkiliblər.
Rejissor Ceff Uodlounun Mayk Reyşin ssenarisi əsasında çəkdiyi “Doğru və cəsarət” filmi dəhşət janrındadır.
Oyun prosesinə qeyri-təbii qüvvələr qarışdıqda, adi oyun amansız ölüm qaçışına çevrilir. Düz gediş etməyən oyunçuya divan tutulur. Sonda bu qəddar oyundan kim qalib çıxacaq heç kəs bilmir...
Filmdə rolları Lyusi Heyl, Cillian Ceykobs, Kristofer Roaç və digər aktyorlar ifa edib.
Fantastika, triller və macəra janrında çəkilən “Dumanda nəfəs al” filminin rejissoru Deniel Robi, ssenari müəllifi Qiyom Lemandır. Zəlzələdən sonra Parisi bürüyən qatı duman insanları və bütün canlıları ölümə məhkum edir. Az sayda sağ qalanlar, nəfəs almaq üçün binaların damına çıxırlar. Əlaqəsiz, susuz, qidasız qalanlar hələ də köməyə ümid edirlər. Anna və Metyu qızlarını xilas etmək üçün hər şeyə hazırdırlar.
Rollarda Romen Dyuris, Olqa Kurilenko, Fantina Arduin, Mişel Roben və Anna Qeylor çəkiliblər.