İQTİSADİYYAT
Nizami qaz istismar sahəsinin yeni binası istifadəyə verilmişdir
Bakı, 18 mart (AZƏRTAC). Martın 18-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) Nizami Qaz İstismar Sahəsinin yeni inzibati binasının açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, ARDNŞ-in “Azəriqaz” İB rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 2012-ci ilin noyabr ayında tikintisinə başlanılmış və 5 ay müddətinə başa çatdırılmış binanın ümumi sahəsi 1200 kvadratmetrdir. Üçmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində 4 iş otağı, yeməkxana və server otağı, 2-ci mərtəbədə 6 iş otağı, akt zalı, 3-cü mərtəbədə 8 iş otağı vardır. Binanın zirzəmisindən də istifadə ediləcəkdir. Abonentlərin qəbulu üçün nəzərdə tutulmuş birmərtəbəli bina smart-kart tipli sayğaclara öncədən ödəniş edilməsi üçün “Pay-point” aparatları ilə təchiz edilmişdir. Ərazidə nasosxana, keçid məntəqəsi, kölgəlik, su anbarları inşa edilmişdir. Binada ən son texnologiyalara əsaslanan avadanlıqlar quraşdırılmışdır.
ARDNŞ-in prezidenti yaradılmış şəraitdən razılığını bildirmiş və Qaz İstismar Sahəsinin işçilərini Novruz bayramı münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.