İQTİSADİYYAT
Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyi üçün 15 ədəd yeni xüsusi təyinatlı nəqliyyat vasitəsi alınmışdır
Bakı, 14 avqust (AZƏRTAC). Avqustun 14-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) maliyyə dəstəyi ilə Nizami rayonunda məişət tullantılarının idarə olunmasının yaxşılaşdırılması məqsədilə rayon Mənzil Kommunal Təsərrüfat Birliyi üçün yeni alınmış 15 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov bildirmişdir ki, rayon ərazisində məişət tullantılarının toplanması və daşınması üçün nəzərdə tutulmuş xüsusi təyinatlı nəqliyyat vasitələri tamamilə köhnəlmiş və sıradan çıxmışdır. Bu da məişət tullantılarının yığışdırılması prosesində çətinliklərə və rayon ərazisinin sanitar vəziyyətinin tələb olunan səviyyədə saxlanılmamasına səbəb olmuşdur.
Qeyd olunmuşdur ki, yeni alınmış texnikanın istifadəyə verilməsi rayonda məişət tullantılarının toplanması və sanitar-təmizlik işlərinin daha yaxşı təşkilinə şərait yaradacaqdır.
Tədbirdə rayon ağsaqqalları və ziyalılar çıxış edərək rayon ərazisində təmizliyin saxlanılmasında və əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən məmnun olduqlarını bildirmişlər.
Tədbirdə Milli Məclisin deputatları Rasim Musabəyov və Sədaqət Vəliyeva iştirak etmişlər.