CƏMİYYƏT
Nizami rayonunda iftar süfrəsi açılıb
Bakı, 17 iyul (AZƏRTAC). Nizami rayonunda Müqəddəs Ramazan ayı münasibətilə 350 nəfərədək sakinin iştirak etdiyi iftar süfrəsi açılıb.
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, mərasimdə çıxış edən təşkilatın sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Ramazan ayının insanlara əxlaqi saflıq, xeyirxah niyyətlər aşıladığını deyib.
Bildirilib ki, bu səbəbdən də Ramazan ayının mənəvi zənginlikləri Azərbaycan xalqı tərəfindən əziz tutulur. Xalqımız daim xeyirxah niyyətlər ardınca gedib, böyük mədəniyyət yaradıb, qədim sivilizasiyaya zəngin mənəvi dəyərlər bəxş edib.
Milli Məclisin deputatı qeyd edib ki, hər bir xalqın mənəvi yüksəlişi onun əsrlər boyu formalaşdırdığı milli və mənəvi dəyərlərə bağlılığı ilə ölçülür. Buna görə də ölkəmizdə dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, o cümlədən İslamın müqəddəs ayin və mərasimlərinin qeyd edilməsinə xüsusi diqqət yetirilir. Oruc tutan hər bir müsəlman dinimiz qarşısında öz borcunu yerinə yetirir. Ramazan ayında tutulan oruc insanın paklığına, iman və iradəsinin saflaşmasına xidmət edir.
Mərasimdə, həmçinin I və IV ixtisas qrupları üzrə bu il keçirilən qəbul imtahanlarında 700 bal toplamış rayonun abituriyentləri də uğur münasibətilə təbrik edilib. Onlara uğurlar arzulanıb və Yeni Azərbaycan Partiyasının xatirə hədiyyələri verilib.
Abituriyentlər və onların valideynləri də öz növbələrində yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib, iftar süfrəsi açılıb.
Mərasimdən sonra YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçiciləri ilə görüşüb.