CƏMİYYƏT
Nizami rayonunda indiyədək 211 təşkilatda çalışanların tibbi müayinəsi aparılıb
Bakı, 16 mart, AZƏRTAC
Ölkəmizin hər yerində fevralın 12-dən başlanılan əhalinin pulsuz tibbi müayinə tədbirləri Nizami rayonunda da uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, müayinə tədbirləri rayon üzrə tərtib edilmiş qrafikə uyğun şəkildə aparılır.
Müayinənin ilk günündən həmin qrafikə uyğun olaraq rayondakı idarə, müəssisə, təşkilat kollektivləri, eləcə də sakinlər 26 nömrəli şəhər poliklinikası, 18 və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında rentgen, kardioloji, ultrasəs, stomatoloji, terapevtik və digər növ müayinələrə cəlb olunurlar.
Fevralın 10-dan bəri iki yaşayış məntəqəsi üzrə tibbi müayinədən 33,6 min nəfər keçib. Onlardan 1,3 min nəfər ambulator, 87 nəfər stasionar müayinəyə, 54 nəfər ixtisaslaşmış tibb müəssisəsinə göndərilib, 17 nəfərin üzərində isə cərrahiyyə əməliyyatı aparılıb.
Tərtib olunmuş qrafik əsasında idarə və təşkilatların kollektivləri də müayinəyə cəlb olunublar. Artıq 211 təşkilat və kollektiv tibbi müayinədən keçib, aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilib.