Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü olub
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun (ARGF) dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində “Meet & Greet” adlı şəbəkələşmə tədbiri keçirilib.
ARGF-dən AZƏRTAC-a verilən məlumata görə, 40-a yaxın azərbaycanlı gəncin iştirak etdiyi görüşün rəsmi çıxışları zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Cavid İsmayılov və ASAP-ın İdarə Heyətinin üzvü MirGünay Bayramova ölkəmizi beynəlxalq arenada təmsil edən Azərbaycan gəncliyinin inkişafı, dövlət gənclər siyasəti çərçivəsində görülən işlər, eləcə də ABŞ-də təhsil alan azərbaycanlı gənclərin layiqli təmsilçiliyi barədə danışıblar. O cümlədən ASAP-ın Nyu-York nümayəndəsi Elman Gözəlov təşkilatın fəaliyyəti, dəstək mexanizmləri, eləcə də gələcək aylarda həyata keçirilməsi planlaşdırılan layihələri barədə məlumat verib.
Daha sonra tədbir iştirakçılar arasında şəbəkələşmə sessiyası ilə davam edib.