DÜNYA
Nyu-Yorkdakı yeni Dünya Ticarət Mərkəzi kompleksinin mühafizəsini gücləndirməyi tələb edirlər
Bakı, 31 mart (AZƏRTAC). Nyu-York ştatından olan demokrat senator Çarlz Şumer bildirmişdir ki, 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktları nəticəsində dağıdılmış əkiz qüllələrin yerində ucaldılan yeni Dünya Ticarət Mərkəzi (DTM) kompleksinə kənar şəxslərin soxulması halları çoxalmışdır və bununla əlaqədar, ABŞ Milli Təhlükəsizlik Nazirliyi yeni kompleksin mühafizəsini xüsusi nəzarətdə saxlamalıdır.
Senator vurğulamışdır ki, hazırda bu binaların təhlükəsizlik sistemi heç də yaxşı vəziyyətdə deyil. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri DTM mühafizəçilərinin hazırlıq səviyyəsini və səriştəliliyini mütəmadi yoxlamalı, habelə mərkəzdə quraşdırılmış müşahidə sisteminə və kompleksin ətrafındakı hasara vaxtaşırı baxış keçirməlidirlər.
Şumer xatırlatmışdır ki, mart ayında 16 yaşlı bir yeniyetmə həmin kompleksə daxil olan DTM-1 adı ilə məşhur olan göydələnin damına dırmaşmışdır. Məktəbli oğlan bu binaya hasardakı dəlikdən keçmişdir. Liftçi yeniyetməyə heç bir sual vermədən onu binanın 88-ci mərtəbəsinə çatdırmışdır.
Yeniyetmə 88-ci mərtəbədən pilləkənlə binanın sonuncu, 104-cü mərtəbəsinə qalxmış və orada yatan gözətçinin yanından keçərək dama dırmaşıb, təxminən 2 saat damda qalmışdır.
Yenə mart ayında üç kişi bütün keşik postlarından yan keçərək DTM-1-in damına çıxmışdır. Onlar göydələnin damından paraşütlərlə tullanmış və binanın yaxınlığında saxlanılmışlar. Hazırda kompleksin mühafizəsi üçün Nyu-York və Nyu-Cersi ştatlarının liman idarəsi cavabdehdir, lakin Şumer bu idarənin işini qənaətbəxş hesab etmir. O demişdir: “Təhlükəsizlik sistemi ilə bağlı problemlər hədsiz çoxdur”.